UEFA Millətlər Liqasının D Liqasının 2-ci qrupunda keçiriləcək Lixtenşteyn - Azərbaycan oyununun hakimləri məlumdur.
Matçı Estoniyadan olan briqadaya tapşırılıb.
Oyunun baş hakimi Kristo Tohver olacaq. Ona yan xətlərdə Silver Koiv və Sander Saqa köməklik göstərəcəklər.
Dördüncü hakim funksiyasını Yonas Yanovits yerinə yetirəcək.
45 yaşlı referinin kifayət qədər maraqlı həyat və karyera dosyesi var.
Hakimliyə 17 yaşında anasının tövsiyəsi ilə gələnTohver 20 yaşında Estoniyanın yüksək dəstə matçına təyinat almaqla bu yaşda elitada debüt edən ilk eston hakim kimi ölkə futbolunun tarixinə düşüb.
2010-cu ildə, yəni 29 yaşında FİFA referisi adına yiyələnib və hazırda 1-ci kateqoriyalı hakim statusunu daşıyır.
Kristo təkcə futbol hakimi deyil, həm də Estoniyanın idman və mədəniyyət sahəsində kifayət qədər idarəçilik təcrübəsi olan şəxsdir.
Tohver 6 il Şərqi Avropanın böyük film festivallarından hesab olunan “Tallin Qara Gecələr Film Festivalı”nın rəhbəri vəzifəsində çalışıb. Film festivalından ayrıldıqdan sonra Tallin yaxınlığında yerləşən Nitvalya qolf klubunun icraçı direktoru olub.
Fərqli illərdə və fərqli vəzifələrdə ümumilikdə 12 il mədəniyyət sahəsində menecer və prodüser kimi çalışıb.
Ən maraqlısı odur ki, yaşıl meydanlarda fit çalan bu şəxs 2024-cü ilin noyabr ayından Estoniya Milli Olimpiya Komitəsinin baş katibi vəzifəsini icra edir.
Bu vəzifə Estoniyanın idman idarəçiliyində mühüm postlardan sayılır. Millimizin matçını idarə edəcək hakim ölkənin idman siyasətinin təşkili, idman federasiyaları ilə əməkdaşlıq və olimpiya hərəkatının inkişafı istiqamətində fəaliyyət göstərir.
Azərbaycan adı bu şəxs üçün kifayət qədər yaxşı tanışdır. Kristo müxtəlif illərdə üç dəfə Bakıda oyunlar idarə edib.
İlk dəfə ölkəmizdə 2019-cu ildə Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ” – “Düdelanj” (Lüksemburq) matçında əsas söz sahibi olub. “Köhlən atlar” qələbə qazana bilməyib – 1:1.
2 ildən sonra yenə “Qarabağ” üçün gəlib. Bu dəfə Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində ağdamlılarla AEL (Kipr) arasındakı dueldə yaşananlara qərar vermək üçün. Qurban Qurbanovun komandası 90 dəqiqənin tamamında 1:0 hesablı qələbəyə sevinib.
Və 2024-cü ilin martı. Bu dəfə Azərbaycanın əsas millisinin Bolqarıstanla Bakıdakı yoxlama görüşünə təyinat alıb. Oyun 1:1 hesabı ilə yekunlaşıb.
Bu gün “Reynpark” stadionunda keçiriləcək Lixtenşteyn – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ
