ŞOK AÇIQLAMALAR: “Bu adama görə istefa verdim”

25 Dekabr 2022 20:00 Qalmaqal 1 021
ŞOK AÇIQLAMALAR: “Bu adama görə istefa verdim”

Birinci Divizionda mübarizə aparan “Mingəçevir”də qəribə hadisələr yaşanır.

Bir müddət öncə komandanı çempionata hazırlayan baş məşqçi Azər Həşimov öz xoşu ilə istefa vermiş, onu bu postda Samir Məmmədov əvəzləmişdi. Çox keçmədən Məmmədovun yerinə Şəhruz Mustafayev gətirildi.

Baş məşqçilərin əlcək kimi dəyişdirildiyi dönəmdə isə klubun İdarə Heyətinin sədri Rövşən Əhmədov tutduğu postu Ruslan Həmidova təhvil verməli oldu.

Görünən odur ki, “Mingəçevir”də bilmədiyimiz nələrsə yaşanır. Görünür, şəhərin eyniadlı komandasına AFFA tərəfindən ayrılan 200 min manatlıq büdcə daxildə çaxnaşma yaradıb. Bəlkə də başqa səbəblər var.

10 oyun komandanın “sükanı” arxasında dayanmış Həşimovla söhbətdə komandadakı duruma və istefa verməsinin səbəbinə aydınlıq gətirməyə çalışdıq.

- Nə işlə məşğulsunuz?

- Hazırda Bakıdayam. UEFA-nın məşqçilər üçün A kateqoriya kurslarında iştirak etmək üçün buradayam. Kursa görə “Qəbələ”nin U-16 komandasında məşq keçirəm. Kateqoriya oxumaq üçün rəsmi şəkildə olmasa belə, hansısa komandada məşq keçməlisən.

- “Mingəçevir”dən öz xoşunuzla istefa verdiniz, yoxsa buna məcbur etdilər?

- Özüm çıxdım, özüm. Belə deyim, qardaş kimi evinizə qonaq gəlmişəm. Siz də “get” deyə bilmirsiniz. Amma elə üz göstərirsiniz ki, başa düşən adam özü getməlidir. “Get” deyən olmadı, amma o münasibəti görən özünə hörmət qoyan adam komandada qalmazdı. “Qəbələ-2”yə 0:4 hesabı ilə uduzandan sonra istefa verdim. Elə bildilər məğlubiyyətə görə getdim. Amma yox. İşimə müdaxilələrə, özümə qarşı ögeyliyə görə komandadan ayrıldım.

- Ögeylik rəhbərlikdən idi?

- Təbii ki.

- Rövşən Əhmədov?

- Bəli. Bu adama görə istefa verdim.

- Sizinlə problemi nə idi ki?

- Mingəçevir hər nə qədər futbol şəhəri olsa da, neçə illərdir şəhərdə böyük futbol yox idi. Yayda futbol qayıtdı, o da Birinci Divizion səviyyəsində. Yəni bu gün şərait yüksək səviyyədə deyil. Düzdür, əvvəlkinə baxanda xeyli yaxşılaşıb. Amma uğur qazanmaq üçün yetərli deyil. Sanki kimsə 1 manat pul uzadıb, 5 manatlıq nəsə istəyir. Üzümə deməsələr də, əməlləri və sözləri ilə eşitdirirdilər. Elə şeylər var ki, danışmaq olmur.

- Niyə danışmırsınız ki? Özünüzə qarşı haqsızlıq görmüsünüzsə, niyə susmalısınız?

- Elə söhbətlər var ki, məşqçi ilə rəhbərliyin arasında olmalıdır. Futbolçuları o söhbətə qatmaq lazım deyil. Komanda uduzur, rəhbərlik komanda ilə görüşüb futbolçulara deyir ki, səhv sizdə deyil, məşqçinizdədir.

- Nə danışırsınız? Hətta bu dərəcədə?

- Əlbəttə. Məşqçiyə qarşı bu cür münasibət varsa, özünə hörmət edən məşqçi orada qalmamalıdır.

- Bəs, siz reaksiya vermədiniz?

- Verdim, təbii ki. O cür danışmağın səbəbini soruşdum, dedi, futbolçuların ruhdan düşməsinə imkan verməmək üçün fikrimi o cür ifadə etdim. Guya motivasiya növüdür. Hətta məşqçinin günahı, səhvi varsa belə, bunu futbolçuların yanında demək absurddur. Necə görmüşük? Rəhbərlik məşqçini çağırır, maraqlandıran suallları verir və cavabını eşidir. Bu, hər yerdə belədir də.

- Siz istefa mesajını verəndə rəhbərlikdən təkid olmadı?

- Xeyr. Onsuz da bunlar getməyim üçün edilirdi. Hətta yerimə köməkçim Samir Məmmədov da düşünülmüşdü. Bu, əvvəldən hazırlanmış plan idi. Hətta yayda Samiri baş məşqçi təyin etmək istəyirdi. Sadəcə, çox adam mənim adımı çəkirdi deyə, komanda mənə tapşırıldı.

- Yayda qarşınıza hədəf qoyulmuşdu?

- Tələb gələcək üçün intizamlı, oyun dəsti xətti olan komanda yaratmaq idi. Büdcəmiz geniş deyil, şəraitimiz göz qabağındadır. Başqa klublarda U-17, U-19 komandaları var ki, ehtiyac yarandığı təqdirdə baş məşqçi oradan futbolçular götürə bilir. Ya da, Premyer Liqada şans qazanmayanları bəzən Birinci Diviziona göndərirlər. Ağlı başında olan adam bu büdcə və şəraitlə nə çempionluq söz verər, nə də ikinci yer.

- İstefa verəndən sonra “Mingəçevir”in oyunlarını stadiondan izləyirsiniz?

- Düzünü desəm, yox. Həm qəlbim inciyib, həm də istəmirəm stadionda olmağım söz-söhbətə səbəb olsun.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!