COP29

“İrəvana “gözün üstə qaşın var” deyən olmayıb”

25 Oktyabr 07:20 Problem 301
“İrəvana “gözün üstə qaşın var” deyən olmayıb”

Adı korrupsiya və rüşvət qalmaqallarında hallanan Avropa Parlamentində (AP) anti-Azərbaycan ritorika, qərəz səngimir. Erməni lobbisinin maliyyə təsiri altında olan avroparlamentarilər növbəti dəfə Azərbaycan əleyhinə qətnamə qəbul ediblər.

Sənəddə əks olunan bəzi məsələləri anti-Azərbaycan ritorikanın pik həddi hesab etmək olar.

Yenə də erməni sevgisi, Azərbaycanofobiya və riyakarlıq açıq hiss olunur.

Qətnamədə Avropa İttifaqı rəhbərləri, xüsusilə qurumun rəhbəri Ursula fon der Lyayendən COP29-u Azərbaycana beynəlxalq öhdəliklərini xatırlatmaq üçün fürsət kimi istifadə etməyə çağırış əks olunub. Deputatlar qətnamədə həm Azərbaycanın, həm də Ermənistanın suverenliyi və ərazi bütövlüyünə, 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması prinsipləri əsasında onların münasibətlərinin normallaşmasına dəstəklərini təsdiq etsələr də, ardınca qərəzli mövqe ortaya qoyublar.

Məsələn, bildiriblər ki, Azərbaycan qoşunlarını Ermənistanın bütün “suveren ərazisi”ndən çıxarmalıdır. Eyni zamanda, Azərbaycanın Ermənistanın ərazi bütövlüyünə hörmət etməyə çağırış əks olunub. Azərbaycanın Naxçıvanla əlaqə problemlərinin Ermənistanın suverenliyi və ərazi bütövlüyünə tam hörmət edilməklə həll edilməli olduğunu vurğulayıblar. Qətnamədə, həmçinin Aİ-Ermənistan ikitərəfli münasibətlərində yeni impuls alqışlanıb, Ermənistanın Aİ ilə əməkdaşlığı genişləndirmək istəyini fəal şəkildə dəstəkləməyə çağırış edilib.

Qəbul edilən qətnamədə anti-Azərbaycan ritorika, Ermənistana açıq dəstək nümayiş olunur. Məsələn, Qərb sanksiyalarından yan keçən İrəvana “gözün üstə qaşın var” deyən olmayıb.

Azərbaycanla Ermənistan arasında bu istiqamətdə ciddi proseslərin və razılaşmaların getdiyi halda Avropa Parlamenti buna mane olmağa çalışır. Digər mühüm bir məsələ ondan ibarətdir ki, bədnam qətnamənin qəbulu təsadüfi xarakter daşımır. Bu, Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə birbaşa bağlıdır.

Dünyada günbəgün mövqeləri və nüfuzu artan Azərbaycan beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edir. Artan nüfuzun nəticəsidir ki, bu ilin noyabrın 11-22-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası məhz Bakıda keçiriləcək. COP29 beynəlxalq miqyasda keçirilən bir tədbirdir və BMT-nin ən nüfuzlu toplantılarından biridir. COP tədbirlərinin qlobal səviyyədə önəm daşıyır, bütün dövlətlər və cəmiyyətlər arasında kollektiv və qlobal həll yolları tapılması diqqət mərkəzində olur.

Erməni lobbisi və Fransa tərəfindən hazırlanmış qətnamə, müzakirələr Azərbaycanın beynəlxalq səviyyədə artan nüfuzuna mənfi təsir göstərmək və ölkəmizə qarşı növbəti dəfə təzyiq nümayiş etdirmək kimi qiymətləndirilməlidir. Ötən illər ərzində Avropa Parlamentində keçirilən bu tipli müzakirələr və eləcə də bu təsisat tərəfindən qəbul edilmiş çoxsaylı qətnamələr Azərbaycana qarşı qərəzli mahiyyəti ilə seçilib. Bu da onlardan biridir. İlk növbədə, Azərbaycana qarşı belə bir yanlış münasibətin sərgilənməsi erməni diasporunun və dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni lobbi təşkilatlarının uzun illər ərzində apardığı məqsədyönlü fəaliyyəti ilə əlaqələndirilməlidir.

Qeyd edək ki, ölkəmizə qarşı səlib müharibəsinə start verən Fransa və onun himayəsində olan Avropa Parlamentində bugünkü qətnamədən əvvəl növbəti qərəzli və riyakar müzakirələr aparılıb. Deputatlarının əksəriyyəti korrupsiya və rüşvət qalmaqallarında adı keçən Avropa Parlamenti yenə kiməsə dərs keçməyə çalışıblar. “Azərbaycanda siyasi vəziyyət və insan hüquqları məsələləri” mövzusunda bədnam müzakirələrdə erməni lobbisinə yaxınlığı ilə seçilən Avropa Komissiyasının əmək və sosial məsələlər üzrə vitse-prezidenti Nikolas Şmit aldığı əmr və tapşırıqlara uyğun olaraq ölkəmizə qarşı hədyanlar yağdırıb. Ardınca da riyakarcasına qeyd edib ki, İrəvan və Bakı sülhün bərqərar olunmasına heç vaxt bu qədər yaxın olmayıb və Avropa İttifaqı iki ölkə arasında davam edən sülh prosesini tam dəstəkləyir.

Fransalı deputat Ksavye Belami isə Azərbaycanın Qarabağda həyata keçirdiyi antiterror əməliyyatlarını pisləyib. Yenə də Yeni Kaledoniya məsələsini qabardıb. İddia edib ki, rəsmi Bakı Avropa İttifaqının və Fransanın daxili işlərinə qarışır, Yeni Kaledoniyada vəziyyəti destabilizə etməyə çalışır. Bu səbəbdən də Azərbaycana qarşı dərhal sanksiyalar tətbiq edilməsini təklif edib.

Beləliklə, növbəti dəfə anti-Azərbaycan qərəzin və riyakarlığın şahidi oluruq. Ən əsası, qətnamə Cənubi Qafqazda sülh prosesinə, xalqlar arasında mehriban qonşuluq münasibətlərinin formalaşmasına maneədir. Şübhəsiz ki, əvvəlkilər kimi bu dəfə qəbul edilən qətnamə də kağız parçasıdır və hüquqi qüvvəsi yoxdur (report).

Digər Xəbərlər
Xəbər Lenti