Yayda bəh-bəhlə Türkiyəyə yola saldığımız Toral Bayramov I Liqada lazımınca şans qazanmır.
Azərbaycan millisinin də şərəfini qoruyan solaxay müdafiəçinin cari mövsümdəki statistik göstəriciləri ürək ağrıdır.
“Qarabağ”ın heyətində çempionluqları sıralayan, avrokuboklarda mütəmadi şans qazanan, millimizin aparıcı simalarından hesab olunan Bayramov I Liqa klubunda əvəzedici statusu ilə barışıb.
“Ağ-yaşıllar” cari mövsümdə çempionatda 5 oyun keçirib.
Səfərdə “Bodrum”u 2:0, “Kayserispor”u 2:1 hesabı ilə məğlub edib, “Fatih Karagümrük”ə 1:2 hesabı ilə uduzub. Bursadakı matçlarda “Iğdır”ı (1:0) və “İstanbulspor”u (4:0) üstələməyi bacaran Toralın komandası 5 turdan sonra topladığı 12 xalla lider “Batman Petrolspor”dan 1 xal geri qalmaqla 2-ci sırada yer alıb.
Həmyerlimizin komandasının işləri pis getmir. Təəssüf ki, eyni sözləri özü haqda demək çətindir.
Sabiq “Qarabağ”lı 5 oyunun yalnız 1-də - “Fatih Karagümrük”lə dueldə əsas heyətdə yer alıb ki, cəmi 45 dəqiqə oynayıb.
“Kayserispor”la qarşılaşmada əvvəldən sona qədər ehtiyat oyunçular skamyasında oturub.
“Bodrum”la oyunda 45, “Iğdır”la görüşdə 19 dəqiqə meydanda olan həmyerlimiz “İstanbulspor”la matçda 20 dəqiqə oynayıb.
Toral Bayramovun Türkiyənin aşağı dəstəsindəki göstəriciləri belədir – 4 oyunda meydana çıxın, 1 dəfə ehtiyatda qalıb, 129 dəqiqə top dalınca qaçıb, 1 sarı vərəqə alıb. Bu qədər.
Ölkənin sayılıb-seçilən futbolçularından biri üz tutduğu ölkənin elita yox ha, 1-ci dəstə komandasının əsas heyətində özünə yer edə bilmirsə, vay bizim halımıza.
Bu, illərdir avrokuboklarda çıxış etmiş futbolçumuzdur. Toralın yeri skamyadırsa, gör, digərlərinin vəziyyəti necədir.
HƏBİB / SPORTİNFO.AZ
