Bölgə klubu “Sportinfo”ya müraciət etdi: “Davamlı maliyyə dəstəyinə ehtiyacı var”

14:40 Problem 193
Bölgə klubu “Sportinfo”ya müraciət etdi: “Davamlı maliyyə dəstəyinə ehtiyacı var”

Region Liqasında çıxış edən “Salyan OİK” Sportinfo.az-ın redaksiyasına məktub ünvanlayıb.

Yerli klub saytımız vasitəsilə Salyan rayon rəhbərliyinə, iş adamlarına, sahibkarlara və millət vəkillərinə müraciət ünvanlayıb.

Mmüraciətdə klubun növbəti mövsümdə də Region Liqasında iştirak etməsi və rayonun idman ənənələrini yaşatması üçün dəstəyə ehtiyac olduğu bildirilir.

“2024-cü ildə yaradılan "Salyan OİK" Futbol Klubu qısa müddətdə rayonumuzu Region Liqasında layiqincə təmsil edib. Klub fəaliyyət göstərdiyi iki mövsüm ərzində əsasən rayonun kiçik sahibkarlarının maddi və mənəvi dəstəyi sayəsində yarışlarda iştirak edə bilib.

Bu gün isə klubun qarşıdan gələn mövsümdə də Salyanı Region Liqasında təmsil etmək üçün davamlı maliyyə dəstəyinə və sponsora ehtiyacı var.

"Salyan OİK" təkcə futbol klubu deyil, həm də rayon gənclərinin sağlam həyat tərzinə, idmana marağının artmasına, asudə vaxtlarının səmərəli təşkilinə və istedadlı futbolçuların üzə çıxarılmasına xidmət edən bir layihədir.

Klubun fəaliyyəti Salyanın idman sahəsində tanınmasına, rayonun adının ölkə miqyasında daha geniş təbliğ olunmasına da öz töhfəsini verir. Bu səbəbdən rayon rəhbərliyini,

Salyanın imkanlı sahibkarlarını, iş adamlarını və hörmətli deputatlarımızı "Salyan OİK" Futbol Klubuna dayaq olmağa dəvət edirik” - deyə, müraciətdə bildirilir.

Digər Xəbərlər
Xəbər Lenti