Maşallah olsun, Gəncə şəhər stadionu göz oxşayır.
Müasir standartlara uyğun şəkildə inşa olunmuş arena kənardan inanılmaz dərəcədə möhtəşəm görünür. İstər quruluş baxımından olsun, istər tribunalar, istər otaqlar, istərsə də qazon.
Düzdür, qazonun rəngində müəyyən qədər saralmalar müşahidə olunur. Bəlkə də yayın istisinə görədir, bəlkə də ot yeni salınıb deyədir. Amma bu gedişlə vəziyyət acınacaqlı ola bilər.
Bildiyiniz kimi, “Kəpəz” kimi, şəhərin I Liqadakı təmsilçisi “Gəncəbasar” da ev oyunlarını burada keçirir. Hər iki klub məhz bu arenanı sifariş edib.
Hələ ki, havalar mülayim keçir. Qarşıda bizi sərt şaxtalı, küləkli və yağışlı aylar gözləyir. Belə vəziyyətdə yeni salınmış örtüyün yüklənməyə nə dərəcədə tab gətirəcəyi şübhə yaratmaya bilməz.
İndiyə qədər Qəbələ stadionu xaric, ölkənin bütün arenalarında kəskin isti və soyuq havalarda otun sıradan çıxmasına dəfələrlə rast gəlmişik. Xüsusən yüklənən meydanlarda bu hal qaçılmaz olur.
Məlum məsələdir, Gəncədəki meydan hibrit ot örtüyünə malikdir. Digər qazondan üstünlüyü təbii otun kök sisteminin sintetik liflərlə möhkəmləndirilməsidir.
Amma davamlı oyun və məşqlər keçiriləndə, otun köklənmiş hissəsinin zədələnməsi və ya seryrəlməsi hallarına rast gəlinir. Sintetik liflər yerində qalsa belə, təbii ot örtüyü yoxa çıxa (azala), torpağın sıxlaşması su və hava keçiriciliyini azalda bilər. Xüsusən qapı önü, mərkəz dairəsi və cərimə meydançasının daxilində “çılpaq” sahələrin yaranması qaçılmaz deyil.
Xüsusən qarlı və yağışlı havalarda oyunlar keçiriləndə, zədələnmə daha da sürətlənir. Noyabr-Mart ayları aralığında ciddi təhlükə yaşana bilər.
Qazonun sıradan çıxmaması üçün düzgün drenaj, biçilmə, qumlama, toxumlama vacib şərtdir. Bir sözlə, stadionun xidmətindən iki komanda yararlanacaqsa, işçilər gücəsini gündüzünə qatıb otu körpə uşaq kimi “bəsləməlidir”.
Əks halda, bu stadion da əvvəlkilərin aqibətini yaşayacaq.
Bizdən deməkdir.
HƏBİB / SPORTİNFO.AZ
