İlin əvvəlində bəh-bəhlə uzaq Amerika qitəsinə yola saldığımız Nəriman Axundzadə “xəyallar ölkəsi”ndə yarım il duruş gətirıə bildi.
“Kolumbus Kryu”nun heyətində 10 oyunda 357 dəqiqə forma şansı qazanmaqla 1 qol ötürməsi verən Azərbaycan millisinin üzvü yayda iş yerini dəyişmək qərarına gəldi.
ABŞ-ni tərk edib illərin dostu Toral Bayramovun yanına – Türkiyəyə üz tutdu. “Ərzurumspor”la icarə əsasında müqavilə bağlayan 22 yaşlı futbolçu yeni komandasında 3 oyunda 55 dəqiqə top dalınca qaçmaqla bir sarı vərəqə ilə fərqlənib.
Nəriman 2026-cı ildə iki komandanın heyətində 13 görüşdə 412 dəqiqə meydanda olub ki, 1 qol və 1 “sarı” ilə diqqət çəkib.
Vəssalam!
Təsadüfən Nərimanın “instagram” hesabında etdiyi paylaşım çıxdı qarşına. Dedim, bəlkə yerləşdirdiyi şəkillərlə ərzurumlu, ya da azərbaycanlı azarkeşlərə səslənərək insanları səbrli olmağa səsləyib, böyük işlər görəcəyini yazıb. Bəlkə ərzurumlu fanatlara “Ərzurumspor” üçün böyük işlər görəcəyini demək istəyib.
Vərəqlədim, diqqətlə baxdım. Bu dəfə paylaşıma yazdığı şərh diqqətimi çəkdi – “relaxing”. Dilimizə tərcüməsi rahatladıcı, dincəldici, sakitləşdirici deməkdir. Ümumi məzmunda götürsək, istirahət anlamını verir.
Yenə qayıdıb şəkillərə baxdım. Birincidə restoranda masa arxasında əyləşən sarı saçlı oğlan gözlərini bir nöqtəyə zilləyib romantik baxışlarla fikrə dalıb.
İkinci fotoda mələk statuasıdır. Qaranlıq fonda ayaq üstə dayanan mələk ağ pərlərini (qanadlarını) açaraq “Nərimana baxır”.
Üçüncü şəkil birincinin eynisidir. Sadəcə ilk fotodan fərqli olaraq bu dəfə gözlərini hansısa nöqtəyə zilləməyib. İndi əlindəki “Iphone 17 Pro Max”a baxır, üzünə də təbəssüm qonub.
Futbolçu dostumuzun etdiyi paylaşımın ilk hissəsi darıxmaq və romantika obrazını verir, ikincidə mələk, başqa cür desək, qadın təsviri var, sonuncuda telefon işə düşüb.
8 ay ərzində cəmi 1 qolun ötürməsini verən futbolçunu bu cür paylaşım etməyə kimin məcbur etdiyini deyə bilmərəm.
Deyə biləcəyim odur ki, bir adamın relaxing həvəsinə düşməsi üçün hər şeydən əvvəl working etməsi, yəni işləməsi, tər tökməsi, hədəfə çatması mütləqdir.
“Qarabağ”da çıxış etdiyi dönəmdə azarkeşlərin ciddi təzyiqinə məruz qalan milli üzvünün bu cür münasibətə layiq olmadığını, bir azərbaycanlını bu cür “məhv edilməsinin” qəbuledilməz olduğunu düşünürdüm.
Ancaq sarı saçlı, “Iphone 17”li qaqaşın ayın-günün bu vaxtında - ərzurumlu azarkeşlərin əsəbdən “göyün 7-ci qatına” qalxdığı dönəmdə bu cür paylaşımla özünü gündəmə gətirməsi...
Nə bilim, vallah.
HƏBİB / SPORTİNFO.AZ
