“Başıpozuqluluğa son qoyulsun - Nə problem varsa, desinlər, işimizi bilək”

27 İyul 2021 23:00 Problem 733
“Başıpozuqluluğa son qoyulsun - Nə problem varsa, desinlər, işimizi bilək”

"İşimizdə qara rənglərin axtarılmasını anlaya bilmirəm.

Necə ola bilər ki, Azərbaycan idmançısı olimpiadada çıxış etsin, imkan olduğu halda biz onu yayımlamayaq?

Məsələnin qoyuluşu mənə təəccüblü gəlir. Deyirlər ki, qələbə qazananda vermirlər, uduzanda yayımlayırlar. Biz bunu əvvəlcədən necə bilərik?"

Sportinfo.az xəbər verir ki, bu fikirləri "report"a açıqlamasında "İdman TV"nin direktoru Rövşən Binnətli telekanalın Azərbaycan idmançıları - sablyaçı Anna Başta, cüdoçu Rüstəm Orucov və stend atıcısı Emin Cəfərovun iştirakı ilə keçirilən görüşlərin canlı yayımlanmasının səbəbi barədə danışarkən deyib.

Telekanal rəhbərinin sözlərinə görə, Orucovun yalnız 2 və 3-cü döyüşləri yayımlanmayıb. O, problemin ötürülən siqnallarla bağlı olduğunu bildirib:

"Əlbəttə, bu görüşlərin hamısı canlı yayımlanmalı idi. Budəfəki olimpiadada yayımlar yeni texnoloji üsulla həyata keçirilir. Yalnız bizə ötürülən siqnalları qəbul edirik.

Məsələn, bəzən cüdonun bütün parametrləri yığılır, baxırsan ki, başqa yarış gedir.

Murad Fətiyevin görüşü zamanı qalibin elan edilməsi ilə siqnalın kəsilməsi eyni anda baş verdi. Bizə cüdo yarışının parametrlərini verirlər, daxil oluruq, amma yelkənli qayıq yarışı çıxır".

Binnətlinin sözlərinə görə, telekanalın bir nömrəli məqsədi idmançıların təbliğinə yönəlib:

"Yazırlar ki, "İdman TV" Rostislav Pevtsovu bir dəfə də iri planda göstərməyib. Bir az qəribə iraddır. Axı, bu çəkilişləri biz aparmırıq. Pevtsov finişə 41-ci çatıb.

Əlbəttə, ilk "10-luğ"a düşənləri daha çox göstərəcəklər. Bu, bizim günahımız deyil. Hər şey ötürülən siqnallarla bağlıdır. Başqa ölkələrdə də belə problemlər yaşana bilər.

Əvvəllər siqnallar bir tezliklə qəbul olunurdu, sonra 5 fərqli monitorda onu görə və keçid edə bilirdik.

İndi isə cüdo yarışlarının bir hissəsi bu formatda, digər hissəsi isə fərqli formatda ötürülür. Bunu tapanadək isə idmançı öz çıxışını başa vurur".

Direktor özləri tərəfdən heç bir texniki problemin olmadığını söyləyib: "Siqnalı qəbul edə bilirik. Yəqin, Beynəlxalq Olimpiya Komitəsi yeniliyi tətbiq edib, amma sonadək düşünməyib.

Bilmirəm, bu məsələ əvvəldən necə düşünülüb. Bizim texniklərimiz kifayət qədər təcrübəlidir. Onlar həmin siqnalı tapmaqda ciddi problemlə üzləşmirlər. Sadəcə, göstərilən ünvana çıxanda, görürsən ki, orada bu yarış getmir".

Binnətli Beynəlxalq Olimpiya Komitəsi və yayımçı şirkətə irad bildirdiklərini də vurğulayıb:

"Müraciət etmişik ki, başıpozuqluluğa son qoyulsun. Nə problem varsa, desinlər, işimizi bilək. Yayımçı şirkətdən üzrxahlıq edib bildirdilər ki, bu məsələ araşdırılacaq.

Onun qarşısına fakt qoymuşuq ki, siqnal 8 dəqiqə tez kəsilib. Əslində həmin məktub ilkin araşdırmada bizim haqlı olduğumuzu göstərdi. Yekun nəticəni bizə deyəcəklər.

Mənə də ağır gəlir ki, idmançılar əziyyət çəkib olimpiadaya lisenziya qazanıblar, ölkəni təmsil edirlər, amma onların çıxışlarını yayımlaya bilmirik".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı