Prezidentin mesajları - önə çıxan başlıqlar

29 Aprel 2021 13:10 Problem 939
Prezidentin mesajları - önə çıxan başlıqlar

Aprelin 26-da Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olublar.

Onlar Zəngilan rayonunda Sərhəd Xidmətinə məxsus hərbi hissənin açılışında, həmçinin ilk “Ağıllı kənd” layihəsinin, beynəlxalq hava limanının, Horadiz-Zəngilan avtomobil yolunun təməlqoyma mərasimlərində iştirak ediblər.

Hərbi hissənin açılış mərasimindəki çıxışında Prezident İ.Əliyev bildirib ki, Azərbaycan-İran sərhədi dostluq sərhədidir: “Bu sərhədin qorunması Azərbaycan-İran əlaqələrinin inkişafı üçün də çox böyük önəm daşıyır. Bizim İran İslam Respublikası ilə digər istiqamətlərdə sərhədimiz var və bu, sözün əsl mənasında, dostluq, əməkdaşlıq sərhədidir. Hər iki ölkənin sərhəddən keçən vətəndaşları bundan faydalanırlar. Eyni zamanda, ildən-ilə artan yüklərin həcmi Azərbaycan-İran əlaqələrinin inkişafından xəbər verir.

Buraya yaxın məsafədə yerləşən Xudafərin körpüsü Azərbaycan-İran dostluğunun rəmzidir. Xudafərin körpüsü Müstəqillik Günündə - keçən il oktyabrın 18-də düşməndən azad edilmişdir. Bu ərazinin düşməndən azad edilməsində sərhədçilər xüsusi rol oynamışdır. Azadlıq mübarizəmiz məhz bu istiqamətdən başlamış və Vətən müharibəsi 44 gündən sonra Ordumuzun, Silahlı Qüvvələrimizin Qələbəsi ilə nəticələnmişdir”.

Zəngilanda beynəlxalq hava limanının təməlini qoyarkən Prezident rayonun coğrafi yerləşməsi və burada olan imkanlar onu beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaratdığını vurğulayıb: “Təsadüfi deyil ki, hava limanı məhz Zəngilanda inşa ediləcək. Çünki coğrafi vəziyyətə baxdıqda hər kəs görə bilər ki, Füzuli, Zəngilan və ondan sonra Laçın rayonunda inşa ediləcək üçüncü beynəlxalq hava limanı bütün Qarabağ və şərqi Zəngəzur zonasını Zəngilan daxil olmaq şərtilə əhatə edəcək. Buradan dəmir yolu, avtomobil yolu keçəcək, Naxçıvana yol açılacaq. Əlbəttə ki, Zəngilanın gələcək uğurlu sosial-iqtisadi inkişafı üçün bu hava limanının böyük rolu olacaq”.

Prezident bildirib ki, Zəngilanda birinci kənd layihəsinin artıq icra edilməsinə başlanılıb: “Ağalı kəndinin təməl daşı qoyulub. Bu, böyük qayıdışın birinci addımıdır. Biz müharibədən bir neçə ay keçəndən sonra artıq bu işlərə də start verdik. İnfrastruktur işləri öz qaydasında davam edir. İndi birinci “ağıllı kənd” layihəsi olan Ağalı kəndinin bərpasına start verilib. Ağalı kəndi, əslində, üç kənd - Birinci, İkinci, Üçüncü Ağalı kəndləri oktyabrın 28-də işğalçılardan azad edilib. Altı aydan sonra Ağalıda yeni kəndin təməl daşı qoyuldu və bu nümunəvi kənd olacaq. Çünki bu kənddə tətbiq olunacaq texnologiyalar ən müasir standartlara cavab verir. Həm tikiləcək evlər, ictimai binalar, sosial obyektlər, həm də iş yerləri, əkin sahələri müəyyən edilib. Zəngilanın bütövlükdə təbiəti və təbii sərvətləri bu rayonu Azərbaycanın ən qabaqcıl rayonlarının birinə çevirmək üçün imkanlar verəcək.

Böyük qayıdış başlayıb. Bu gün burada təməl daşını qoyduğum hava limanı dövlətimizin gücünü göstərir”.

Zəngilan rayonunun Birinci Ağalı kəndində aparılan tikinti-bərpa işləri ilə tanış olan prezidentə kənd təsərrüfatı naziri İnam Kərimov məlumat verərək artıq 110 nəfərin işlərə cəlb olunduğunu deyib. Bildirib ki, birinci “Ağıllı kənd” pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Layihənin icrası, əsasən, 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələridir. Ərazidə ilk olaraq tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evin tikintisi nəzərdə tutulub. Evdaxili mühəndis kommunikasiya, isitmə sistemləri də ağıllı texnologiyalar əsasında qurulacaq. Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunacaq, turizm infrastrukturu formalaşdırılacaq. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək.

Qeyd edək ki, “Ağıllı kənd” layihəsinin icrasında Türkiyə, Çin, İtaliya və İsrail şirkətlərinin mütəxəssisləri də iştirak edirlər. Türkiyə şirkətinin nümayəndəsi Prezidentə məlumat verərək kənddə “Arximed” sisteminin qurulacağını deyib: “Bununla yanaşı, karbon dioksid emissiyası sertifikatına malik olan “Arximed” qurğusu “Ağıllı kənd”in bütün daxili elektrik enerjisi ehtiyacını ödəyəcək və artıq qalan enerjini xaricə satmaq mümkün olacaq. Bununla bərabər, sistemdən çıxan isti suyu kənddəki evlərə və otelə ötürəcəyik. Bu qurğu çox sürətlidir, yüksək məhsuldarlıqla işləyir. Heç bir səs-küy yaratmır, suyu oksigenləşdirir ki, bu da balıqlar və yaşıllıqlar üçün çox faydalıdır. Bu sistem günəş enerjisi və digər alternativ enerjilərə nisbətən artıq, yəni 24 saat işlədiyi üçün daha çox enerjini daha az güclə əldə etməyə imkan verir. Bu layihə, sadəcə, enerji istehsal etmək məqsədi daşımır, eyni zamanda, turizm infrastrukturu üçün şərait yaradı”..

Prezident işğaldan azad olunan ərazilərdə ilk bərpa layihəsində Türkiyə şirkətinin iştirakının təbii olduğunu deyib: “Bu, təbiidir. Çünki qardaş ölkə olan Türkiyə bizim bütün bərpa işlərində fəal iştirak edəcək. Bildiyiniz kimi, artıq bir neçə Türkiyə şirkəti bərpa işlərində, infrastruktur layihələrində iştirak edir. Şadam ki, biz burada da - yaşıl enerji sahəsində də Türkiyə şirkətinin fəaliyyətini görürük. Əslində bu, azad edilmiş torpaqlarda inşa edilən birinci kənddir. Əlbəttə ki, bu kəndin çox böyük önəmi var. Çünki “Böyük qayıdış” bu gün başlayır. Əmin olduğumu bildirmək istəyirəm ki, siz gələcək layihələrdə də iştirak edəcəksiniz”.

Layihədə iştirak edən “Huayvey-Azərbaycan” şirkətinin baş meneceri şirkətlərinin “Ağıllı şəhər” və “Ağıllı kənd” texnologiyalarının təchizatçısı kimi böyük təcrübəsi, bu sahədə100-dən çox qlobal layihələrinin mövcud olduğunu deyib. Bildirib ki, Azərbaycanda ilk dəfə “Qiqabit AirPON” texnologiyasından istifadə edəcəklər: “Bu texnologiya fiber-optik xətlərin çəkilişini 10 kilometrdən 1 kilometrə qədər qısalda bilər. Beləliklə, biz şəbəkənin qurulmasını sürətləndirə və xərclərə qənaət edə bilərik. Biz “Ağıllı kənd” layihəsinin birinci mərhələsində Qarabağda təhlükəsiz yaşayış mühiti yaradaraq, “ağıllı tədris”, “ağıllı səhiyyə” və “ağıllı kənd təsərrüfatı” sistemlərini həyata keçirəcəyik”.

Prezident Çin şirkətinin azad olunmuş ərazilərdə işinin çox olacağını deyib: “Erməni təcavüzkarlar tərəfindən dağıdılmış yüzlərlə kənd və şəhərlərimiz var. Bizə indi onları bərpa etmək lazımdır. Biz onları müasir standartlar, yaşayış standartları əsasında bərpa etməliyik. Beləliklə, mən sizə uğurlar arzulayıram və ümid edirəm ki, işğaldan azad olunmuş ərazilərin digər hissəsində işləmək üçün sizin başqa fürsətiniz olacaq”.

“Ağıllı kənd”də süd fermasının yaradılması layihəsini həyata keçirən İtaliya şirkətinin əməkdaşı layihənin noyabrda başa çatdırılmasının istənildiyini, lakin bu vaxta işləri yekunlaşdırmağın çətin olduğunu bildirib.

Layihəyə cəlb olunmuş İsrail şirkətinin əməkdaşının verdiyi məlumatdan aydın olub ki, onlar Zəngilanda, əvvəlcə, 300-400 başlıq camış ferması tikəcək, sonra onu 1000 başa çatdıracaqlar: “Şirkətimiz ağıllı fermalar üzrə texnologiya ilə işləyir. Bizdə bütün fermanı məlumatların təhlili üzrə proqram təminatına birləşdirən ötürücülər var ki, bu da göründüyü kimi, mal-qaranın yemlənməsi, sağlamlığı və sağılması ilə əlaqədardır. Biz bunu “açar təslimi” layihəsi kimi həyata keçiririk. Buraya texniki-iqtisadi əsaslandırma, tikinti, planlaşdırma, komandanın hazırlanması və mal-qaranın idxalı daxildir. Qeyd etdiyim kimi, heyvanlar sensorlarla təchiz ediləcək. Biz peyin emalı ilə də məşğul oluruq. Peyindən gübrə və bioqaz əldə edə bilirik. Fərqli variantlar var. Tullantı sularının təmizlənməsi, günəş enerjisi. Bu, o deməkdir ki, Sizdə böyük elektrik enerjisi infrastrukturu qurmadan böyük həcmdə elektrik enerjisi istehsal olur. Bu cür ferma çox maraqlı olacaq. Beləliklə, biz İsrailin sahib olduğu süd ferması texnologiyasında bilik və təcrübəmizi Azərbaycana, Qarabağ bölgəsinə gətirmək istəyirik”.

Ağıllı kənd

Fermada saxlanılacaq camışlar İtaliyadan idxal olunacaq. İtaliya şirkətinin nümayəndəsi Cüzeppe Grisoliya camış fermasında görüləcək işlər barədə məlumat verib: “Bizim biznes ideyamız strateji regionda tam avadanlıqla təchiz edilmiş camış sağmalçılıq fermasının və ya yüksək keyfiyyətli “motsarella”, “burrata” və digər növ camış pendirlərinin istehsalının həyata keçirilməsi ilə bağlıdır. Biz istehsal prosesinə öz təcrübə və biliyimizi gətiririk. Çünki cənab Prezident, bildiyiniz kimi, camış “motsarella”sı bütün dünyada istehsal olunur, istənilən ölkə həmin keyfiyyətə və səviyyəyə çatmağa cəhd göstərir. Lakin “motsarella di buffalo” pendiri həmişə italyan məhsulu olaraq qalır. Südçülük sahəsində uğurun ən mühüm amili ondan ibarətdir ki, söhbət təkcə bizdə olan texnologiyadan, avadanlıqdan getmir, həm də pendir hazırlayanların əllərindən gedir. Çünki hər kəs bahalı avadanlıq ala bilər, amma yalnız bacarıqlı pendir hazırlayan bənzərsiz “motsarella” hazırlaya bilər. Bu səbəbdən də biz südçülük fermasını qurandan sonra tam təlim kursu keçəcəyik. Bu təlim sayəsində Azərbaycanda birinci nəsil bacarıqlı pendir hazırlayanlar yetişdiriləcək. Biz Azərbaycanda sadə keyfiyyətdə camış pendirinin istehsal olunmasını istəmirik. Bizim hədəfimiz yüksək keyfiyyətli südçülük sektorunun yaradılmasından ibarətdir ki, Azərbaycan da İtaliya kimi mükəmməl “motsarella di buffalo” pendirlərinin istehsalçısı olsun. Bu sahədə güzəştdən söhbət gedə bilməz, yalnız birinci səviyyəli istehsal ola bilər”.

Göründüyü kimi, işğaldan azad olunmuş ərazilərin bərpasına dünyanın ən qabaqcıl texnologiyalara malik ölkələrinin şirkətləri cəlb olunub. Özü də bu zaman Vətən Müharibəsi dövründə Azərbaycana dəstək verən Türkiyə, İsrail, İtaliya kimi ölkələrin şirkətlərinə üstünlük verilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti