Türkiyəyə oynamağa yox, “kurort”a gedən bizimkilər

19:40 Problem 118
Türkiyəyə oynamağa yox, “kurort”a gedən bizimkilər

“Qarabağ”ın sabiq futbolçuları Türkiyədə “papağı günə verir”.

ABŞ-da duruş gətirə bilməyib din-dil bir olduğumuz qardaş ölkəyə gələn Nəriman Axundzadə “Ərzurumspor”da, Toral Bayramov isə “Bursaspor”da illərdir yığılan yorğunluğu çıxarırlar.

Bunun başqa adı yoxdur.

Nəriman Super Liqa klubunda əsas heyətə yaxın düşə bilmir. Toral 2 dəfə “11-lik”də görünüb, digər hallarda sonradan meydana daxil olub. İki azərbaycanlı bir yerdə nə qol vurub, nə də qol ötürməsi verib.

“Qarabağ”da oynayanda gözləri ayaqlarının altını görməyən gənclər Türkiyədə qır vurub, qazan dolduracaqlarını düşünürdülər. “Qarabağ” onlara dar gəlirdi. Qurban Qurbanovun dəmir intizamı sərf etmirdi. Təcili baş götürüb qaçmaq lazım idi. Türkiyə futbolu burdan şirin görünür axı.

Gedib gördülər ki, yox, həyat onların düşündüyü qədər asan deyil. Həmin komandalarda elə yerli və əcnəbi futbolçular var ki, bizimkiləri cibində gəzdirər. Ona görə də lal-dinməz oturub pullarını qazanırlar. Əsas odur legioner həyatı yaşayırlar, Azərbaycandan kənarda - Türkiyədədirlər.

Pəh. Bundan gözəl xoşbəxtlik? Gözlərini açandan türk serialları ilə böyüyən, qardaşa abi deyən gənclər üçün Bursada, Ərzurumda yaşamaq fəxrdir, şərəfdir, qürur mənbəyidir. Futbol oynamasalar da olar.

Bakıya gələndə, təyyarədən düşəndə baqajları sürüyə-sürüyə ətrafa göz gəzdirib “Türkiyədən gəlirik” düşüncəsi ilə maşına tərəf gedib əda ilə baqajı açmaqdan gözəl nə var bu həyatda? Ya da adının qarşısında “Bursaspor”, “Ərzurumspor”u oxumaq uşaqlıq arzuları deyilmi?

“Qarabağ”da ehtiyatda qalmaq xoş gəlmirdi onlara. Daha çox oynayacaqları, daha çox qazanacaqları, daha çox ərköyünlük edəcəkləri yerə getmək istəyirdilər. Getməyinə getdilər. Amma lazımi qədər oynamırlar, kimlərinsə ehtiyatında otururlar.

Türkiyənin I Liqasında əsas heyətə düşə bilməyən milli üzvü hansı haqla legioner həyatı yaşadığını deyə bilər? ABŞ-da, sonra da Türkiyədə kölgədə qalan oyunçu “Qarabağ” azarkeşlərin qınağının səbəbini indi-indi anlayırmı görəsən?

Hər ikisi anlamalıdır ki, Türkiyə təkcə kurort ölkəsi deyil. Burada həm də futbol oynayırlar, futbolu sevirlər, futbolu bilirlər, futbol oynayan futbolçuları əllərində gəzdirirlər.

Yəqin ki, nə vaxtsa anlayarlar.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti