Bircə "Neftçi" qalsın, bütün klublar dağılsın… AFFA belə istəyir

27 Aprel 2021 15:00 Problem 1 102
Bircə "Neftçi" qalsın, bütün klublar dağılsın… AFFA belə istəyir

AFFA rəsmi açıqlama verib, "Sabah"-"Neftçi" matçının hakim idarəçiliyi araşdırılacaq.

Bu işi incələyib axırına çıxmaq, həqiqəti tapmaq kimə həvalə edilib? Hakim və İnspektorlar Komitəsinə.

Azərbaycana toy-bayramla gətirilən, hələ müqaviləsi də artırılan toxunulmaz Avstriya gülməşəkəri Fritz Stuxlik hakimini, özü-özünü araşdıracaq. Yəni, quzunu qurda tapşırıblar.

O da sabah çıxıb deyəcək ki, araşdırdıq, qərarlar qəbul etdik, əmma ki, UEFA-nın bəsməngah qərarına görə nəticəsini açıqlaya bilmərik, yoxsa bizi İsveçrədən qovarlar, «siz geridə qalmısız» deyərlər, belə şeylər eləmək olmaz. Vəssalam, şüttamam!

Bir-iki günə də ara sakitləşəcək və Stuxlik Bakı gecələrində kef məclislərini davam etdirəcək. Hələ bu harasıdır… Günahkar klublar çıxarılacaq. İnanmırsız?

Əsas bu deyil. Özlərini söydürənlər VAR sisteminin tədbiqini tezləşdirir. O de, AFFA əl-ayağa düşüb. Hər şeydə bir xeyir var. Xeyrini də VAR-ı gətirənlər görəcək.

Stuxlik öz menecerləri ilə bir tərəfdən qazanır, VAR-dan da yaxşı «qatlayanlar» olacaq. Sabah "Sabah" dağılacaq. Dağılsın da? Az klub bu günə kimi dağılıb?

Gör, heç onları yada salan var? "Sabah"ın adına and olsun, sabah çıxıb Vüqar Həsənlinin «qırmızılar»ı kimi qıpqırmızı üzə duracaqlar: "Neyləyək, sponsor gəlmir də futbola? Öldürək özümüzü"?

Yox əşşi, niyə özünüzü öldürürsüz, elə növbəti klublardan biri "Sabah" ölsə, bəsnizdir. Onsuz da, təhlükə mənbəyidirlər. Başağrıdır başdan-ayağa sizə.

Futboldakılara sözəbaxan klublar "xoroşo". Fatı dur, fatı otur! Sözə qulaq asmayanda da.. BB.

Başa düşdüz də, BB nə deməkdir..? Açması sizdən. Bir az oyan-bu yan edərlər, yuxarılara şikayət dolu donosları gedər. Birinci dəfədir ki? Yox.

Yox,-yox, deyəsən, bu həna, o hənadan deyil. Yaman ilişiblər. Müşahidə edənlər "Neftçi"nin Müşahidə Şurası kimi deyillər, çox güclüdürlər. İstəsələr, AFFA qarışıq "Neftçi"nin özünü müşahidə edərlər.

Hakimbaşı Stuxlik kimdir ki? Avstriyalı hər gün çox başlar görür. O başqa məsələ ki, baxır, kimin başıdır. Məşədi Ibad demiş, bir növ adədkərdə olub.

Başqa yerə yozmayın, hər tur ən azı 4 baş hakimi oyunlara təyin edir. Hansı baş özünü necə aparır, o başqa məsələ.

Kimin başı, hakimliyi Stuxlikə xoş gəlir, onu da qabağa çəkir. Xoşuna gəlmədiklərini Rəhim Həsənov kimi yola salır. Görək, bu dəfə Vüqar Həsənli Fritc Stuxlikin «imtahan»ından necə çıxacaq.

Başlara birbaşa hakimbaşı şəxsən özü baxır. Allah betərindən qorusun! Bundan da betəri olacaq, görən? Bədbəxt futbolun görəcək günləri varmış. Sabahın futbolu çox qaranlıq görünür.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti