1. 3 günə 2 qitə çempionuna minimal hesabla uduzmaq faciə deyil.
2. Hər iki oyunda hakimlər bizə qarşı ədalətsiz idilər. Xüsusən dünənki penalti gülməli idi.
3. "Qarabağ"ın futbolçuları kifayət qədər şübhəli performans sərgilədilər. Xüsusən Şahrudin və Maksimin ilk oyundakı səhvi ciddi araşdırma mövzusudu.
4. Millimizdə gəncləşdirmə, nəsildəyişmə gedir.
5. Turində və Debretsendə futbolçularımız ilk dəfə idi meydana çıxırdı, adaptasiya olmamışdılar.
6. İtaliya və Macarıstandakı stadionlarda qazon ideal vəziyyətdə deyildi, bu futbolçularımıza əlavə çətinlik yaradırdı.
7. Oyunların azarkeşsiz keçirilməsi bizim üçün böyük zərbə idi. Komandamız hər iki oyunda dəstəksiz qaldı.
8. Portuqaliya ilə məğlubiyyətə görə mediada komandamızın hər futbolçusuna 10 min manat mükafat veriləcəyi yazılsa da, AFFA təkzib etdi. Bu oyunçularımızı psixoloji cəhətdən sındırdı.
9. Pandemiya səbəbindən futbolçularımız oyuna tam konsentrasiya ola bilmir.
10. Pandemiya həmçinin futbolçularımızın fiziki durumuna da təsirsiz ötüşməyib. Artıq 90 dəqiqə mübarizə aparmaq mümkünsüzdü. Şəkildən də göründüyü kimi futbolçuların fiziki durumu buna imkan vermir.
Yekunda onu deyə bilərik ki, iki qitənin çempionlarına minimal hesabla məğlubiyyətlər bir daha göstərdi ki, bizim milli komanda da qitə çempionu ola bilər.
Bunun üçün sadəcə AFFA-nın ofisini Antraktidaya köçürmək kifayətdi.
Anar Şabanoğlu

