Son günlər Azərbaycanda yoluxma sayının artması həyəcan təbili çalmağa əsas verir.
Bəs görəsən, son günlər ölkəmizdə virusa yoluxanların sayındakı artımın səbəbi nədir? Yenidən sərt karantin rejimi tətbiq olunarsa, yoluxma sayının artmasının qarşısını alacaqmı?
Ölkənin tanınmış həkimləri mövzu ilə bağlı fikirlərini “Yeni Müsavat”a açıqlayıblar.

Gülnarə Əhmədova
Bizimlə söhbətdə infeksionist Gülnarə Əhmədova bildirib ki, yoluxma sayında bu cür artımlar gözlənilirdi: “Əvvəldən də demişdim ki, artım olacaq. Mənim şəxsi fikrimdir ki, bu virus bir bədəndən çıxıb, başqasına gedə-gedə yeni ştamlar yaradacaq. Nə vaxt insan orqanizmi onun öhdəsindən gələ bilsə, xəstəliyə qalib gələcək. Gələ bilməsə, bir, iki, üçüncü dalğa da olacaq”.
İnfeksionist qeyd edir ki, Novruz bayramı ərəfəsində mütləq sərt karantin rejimi tətbiq olunmalıdır: “Çünki bizdə hələ də insanlar vəziyyəti başa düşməyiblər, qiymətləndirməyi bacarmırlar. Hamı istəyəcək yaxınlarını, əzizlərini görsün. Bununla da virusu yayacaqlar. Biri rəhmətə gedir uzaqdan, rayonlardan gəlirlər. Beləliklə də yayırlar.
O ki qaldı virusun nə zaman bitəcəyi vaxta, mən özüm siravi insan kimi avtobuslardan istifadə edirəm. Hər gün avtobuslarda nə qədər basabas olur. Geniş avtobuslar olsa, ya da avtobusların sayı çox olsa yoluxmanın da qarşısı alınar. Bu zaman insanlar arasında məsafə də olar. Əhali arasında maarifləndirmə də gücləndirilməlidir. Deyilməlidir ki, bu xəstəlikdən xilas ola bilməyəcəksən. Yalnız gigiyena, məsafə saxlamaqla nə isə əldə etmək olar. İnsanlar arasında əlaqə olmasa, bu infeksiya öz-özünə məhv olub gedər. Çünki bu zaman infeksiya insandan o birisinə ötürülməyə adam tapmır. Yalnız bunu anlasalar, bəlkə vəziyyət düzələr.
Bilirsiniz, bu virus süni yaradılıb. O səbəbdən də məsafə saxlamaq, gigiyena qaydalarına nəzarət etmək lazımdır. Gözləyəcəyik ki, bir neçə il keçsin, ya insan bədəni virusu məhv edəcək, ya da o bizi məhv edəcək".

İlham Bayramov
Azərbaycan Tibb Universitetinin dosenti, infeksionist İlham Bayramov da “Yeni Müsavat”a danışıb: “Yoluxmanın artmasında insanların özləri günahkardı. Maska taxıb, ara məsafəni gözləsələr, çox yerlərdə toplaşmasalar, artım da olmaz. Elə bilirdirlər vaksin vuruldu, bundan sonra hər şey qaydasında olacaq. Hələ ki yeni ştamm haqqında elə bir məlumatımız yoxdur. Amma yaxşı olardı ki, əhali profilaktik olaraq qaydalara riayət etsin”.
İ.Bayramov sərt karantin rejiminin tətbiqini gərəksiz sayır: “Hər yeri bağlasalar da, sərt karantin rejimi tətbiq olunsa da, yenə yoluxma sayı artacaq, yenidən təkrarlanacaq. Hər şeydən geri qalırıq, həm təhsilimiz, həm iqtisadiyyatımız geriləyir. Bir neçə adama görə digərləri də evdə qapanmalı deyil. İndi müraciət edən xəstələrimiz var ki, heç yerə çıxmayıb, toplumda da olmayıblar. Amma yoluxublar. Yəni bu virus özünü necə göstərir və ya göstərəcək bilmək olmur.
Bayramda tətil olacaq, insanlar evdə olsalar, bəlkə virusa yoluxma da artmaz. 980-1000 yoluxma sayı elə də çox böyük rəqəm deyil. Əvvəlki kimi 4-5 min yoluxma olsaydı, sərt karantin rejiminə keçmək olardı. Həm də yoluxanların hamısı Bakıda deyil. Rayonlar da daxildir, bu da nəzərə alınmalıdır. Eyni zamanda hazırda xəstəliyin kliniki vəziyyəti də çox ağır deyil. Xəstələr müalicəyə daha tez tabe olurlar. Əvvəllər xəstələrin saturasiyası çox aşağı olurdu, müalicədən sonra çətinliklə ayağa qalxa bilirdilər".

Rəşad Mahmudov
Deputat Rəşad Mahmudov isə mediaya açıqlamasında bildirib ki, dünyada son 10 gündə tam səbəbi bilinmədən koronavirusa yoluxanların sayında yüksəlmə müşahidə olunur:
“Buna havaların qeyri-stabil keçməsi, mövsüm dəyişikliyi olarkən insanlarda baş verən proses, eləcə də bizim bilmədiyimiz səbəblər göstərilir. Amma son iki ayda dünyada yoluxanların sayında rəqəmlərin aşağı düşməsi insanlarda arxayınlıq yaratmışdı. Üst tənəffüs yolu infeksiyalarının ən çox yayılması təmaslar, insanların bir-biri ilə ünsiyyəti zamanı yaranır.
Rəqəmlərin sabahdan etibarən bir qədər də artması bizi qorxuda bilər. Arzu edək ki, bu tendensiya artan istiqamətdə getməsin. Bu rəqəmlər yüksələrsə, yoluxmaqdan çox, ölkələrdə səhiyyə sisteminin zədə görməsi və reanimasiya otaqlarının tükənməsi ehtimalı var.
ÜST-in dünyada bir il ərzində apardığı tədqiqatlar nəticəsində məlum olub ki, yeni yoluxma sürətinin artdığı bir vaxtda sərt qapanma tədbirləri o qədər də məsləhət görülmür. Burada əsas məsələ sərt karantindən çox, insanların bu prosesə qarşı həssas davranması və gündəlik davranışlara əməl etməsidir. İnsanlar qəbul etməlidir ki, ətrafındakıların gündən-günə yoluxma ehtimalları var və onlarla təmas artırıldığı zaman, xüsusən də Novruz bayramı ilə bağlı adət-ənənələr təhlükə yaradır".

