“Ermənistandakı daxili siyasi təlatümlər Qarabağ nizamlanmasına dair üçtərəfli bəyanatların icrasını ləngidə və bu mənada onların effektivliyinə təsir edə bilər.
Lakin bununla belə, Ermənistanda hansı hakimiyyət olur-olsun, o, Qarabağla bağlı razılaşmanı yerinə yetirməli olacaq”.
Sportinfo.az xəbər verir ki, bunu Rusiya Federasiyası Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov “Moskva-Bakı” körpüsünə açıqlaamasında bildirib.
“Qeyri-sabitlik həmişə diqqəti yayındırır. Və belə vəziyyət Qarabağda sülhə doğru irəliləyişin sürətinə təsir edəcək. Ancaq eyni zamanda, Ermənistanda hakimiyyətə kim gəlir-gəlsin, nə qədər revanşist çağırışlar edilir-edilsin. üçtərəfli razılaşmanın reallaşmasını yolundan sapdırmayacaq və dəyişdirməyəcək. Razılaşma dəyişdirilə bilməz. Hər şey üç ölkə tərəfindən qəbul edilib. Hətta Ermənistandakı müxaliflər də gerçəyi başa düşürlər ki, Rusiya və Azərbaycan zarafat ediləsi oyunçular deyillər. Onlar düşünürlər ki, iqtidara gələcəklər və bu “kağız parçası”nı kənara atacaqlar? Bəs sonra nə olacaq? Qarabağa qoşunmu yeridəcəklər? Orada bizimkilər, Rusiya silahlı qüvvələri, bizim sülhməramlılarımız dayanıb. Buna görə də revanş ssenarisini həyata keçirmək - axmaqlıqdır”, - deyə rusiyalı siyasətçi xəbərdarlıq edib.
Onun fikrincə, Ermənistandakı müxalifətçilər axmaq da deyillər: “Revanşist açıqlamalar verməklə onlar ölkədəki mövcud çətinliklərdən istifadə edib özlərinin daxili siyasi problemlərini həll etməyə çalışırlar. Ən inkişaf etmiş ölkələrdə də müxalifət daim vəziyyətdən istifadə etməyə çalışır. İstənilən ölkədə müxalifət hakimiyyəti ələ almaq və ya onun bir hissəsi olmaq üçün mövcud hakimiyyətin səhvlərindən (və ya səhv saydıqlarından) istifadə edir. Bu, və yalnız bu, başqa bir şey yoxdur. Tutaq ki, iqtidara gəldilər. Ancaq mövcud reallıqlarda onlar Rusiya və Azərbaycanla birgə mövcud olmalı və danışıqlar aparmalı, müqaviləni dəyişdirməyin mümkünsüzllüyünü başa düşməlidirlər. Çünki hesablaşmalı olan başqa iki dövklət var. Bunu onlar indinin özündə də anlayırlar”.
Bununla belə, Kalaşnikov əmindir ki, üçtərəfli sazişin həyata keçirilməsi və bölgədə sülhə doğru hərəkətin effektivliyi ən çox Azərbaycanın Dağlıq Qarabağda və ətrafında azad edilmiş bölgələrdə həyatı necə öz axarına salacağından asılı olacaq.
“Yalnız yaxşı işlər görməklə sübut eləmək, göstərmək və inandırmaq olar ki, hər kəsdən ötrü - azərbaycanlılar, ermənilər və bu ərazilərdəki digər millətlərin nümayəndələri üçün həyat yaxşı, maraqlı və firavan olacaq. İnfrastrukturu bərpa etmək, ticarət əlaqələri qurmaq və həyatı qaydaya salmaq lazımdır. O halda xalqlar və dövlətlər arasında yaxınlaşma olacaq”, - deyə Rusiya Dövlət Dumasının komitə rəhbəri sonda əlavə edib.

