“Qarabağ” – “Neftçi” oyunu öncəsi “qıfıllama əməliyyatı”

27 Oktyabr 2021 20:00 Premyerliqa 995
“Qarabağ” – “Neftçi” oyunu öncəsi “qıfıllama əməliyyatı”

Oktyabrın 30-u diqqətlər “Azərsun Arena”nın yaşıl meydanına yönələcək.

Həmin gün ölkə futbol ictimaiyyətinin səbirsizliklə gözlədiyi “Qarabağ” – “Neftçi” qarşılaşması baş tutmalıdır.

Bütün milli çempionatların əbədi iştirakçılarının əzəli mübarizəsi.

Premyer Liqanın “Şah əsəri” sayılan oyunun hansı prinsipiallıqları özündə daşıdığını demək artıqdır.

“Neftçi”nin mayda ardıcıl yeddi çempionluq sevinci yaşayan “qızıl”ı ağdamlıların əlindən almasını və turnir cədvəlindəki hazırkı durumu xatırlarmaq kifayət edir. Hamı məlum duelin start fitinin intizarındadır.

İndiki vəziyyətdə mətbuatın üzərinə düşən yük derbi öncəsi gündəmi müəyyənləşdirmək, bu oyun ətrafında ajiotaj yaratmaqdır. İnsanlarda maraq oyatmaq, azarkeşləri stadiona səsləməkdir işimiz, borcumuz.

İndiki vəziyyət necədir?

Hər iki komandada futbolçuların ağzı “qıfıllanıb”. “Qarabağ”la “Neftçi”nin hər birində oyunçulara danışmaq yasağı qoyulub: Müsahibə vermək olmaz!

Niyə, bəylər? Nə üçün? Hansı səbəbə?

Oyuna üç gün qalmış futbolçuları ictimaiyyətdən gizlətməyinizin tutarlı səbəbi varmı?

Baş məşqçilərin işi komandanı oyuna hazırlamaq, futbolçuların öhdəliyi lazımi nəticəni qazanmaq olduğu kimi, bizim vəzifə borcumuz oyundan əvvəl müsahibələr almaq, oxucunun haqqı da fikirlərlə tanış olmaqdır.

Gecə-gündüz futbolun azarkeşlər üçün oynanıldığı haqda moizələr oxuduğunuz halda, indi tutduğunuz mövqe əsassızdır.

Nəticə qazanmaq üçün futbolçuların ağzını “qıfıllamağa” gərək yoxdur. Uğura çatmaq üçün rəqibi düzgün təhlil edib, uyğun taktika seçmək də kifayət edir.

Yetər daha! Onsuz da, başda AFFA rəhbərliyi olmaqla hamı mətbuatdan qaçır. Heç olmasa, futbolçuları buna öyrəşdirməyin.

Məhv olmuş Azərbaycan futbolunun olan-qalan canını da siz almayın, çox hörmətli baş məşqçilər. İmkan verin, insanlar əzəli rəqabətin dadını çıxarsın. Futbolumuz qıfıllanıb zatən, ağızlara da qıfıl vurmağa gərək yoxdur.

Təkrar edirəm, jurnalistin işi danışdırmaq, qarşı tərəfin öhdəliyi danışmaqdır. Bunu dədələrimiz üçün yox, azarkeşlər üçün edirik.

İsti-soyuq bilmədən sizi tribunalarda dəstəkləyən azarkeşlər üçün. Bizə hörmətiniz yoxdursa, onlara sayğı duyun!

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti