"Neftçi" bu mövsüm arxada qalan 4 görüşdə hələ belə əla yarım saat keçirməmişdi. İlk 30 dəqiqədə "ağ qaralar" meydanın ağası idi. Baxımlı hücumlar, çox saylı qol imkanları və vurulan 2 cavabsız qol. Darmadağın qoxusu gəldiyi məqamda "İmişli" geridönüşlə səhnəyə çıxdı.
Sonrakı dəqiqələrində Fərid Namazovun komandası layiqli mübarizə apardı. Hətta ikinci yarıda hesabda önə çıxmağı yaxın oldular. Klismanın fantastik qolu olmasaydı, "Neftçi" üçün növbəti xal itkisi qapıdaydı.
"Ağ qaralar" hələki hücumdakı məhsuldarlığın barını yeyir. Bu cür xaos müdafiə xətti ilə uzun müddət davam etmək olmaz. İqor Ribeyro ehtiyata göndərildi, Qravilyon ondan betər gündə. İndiki məqamda Elvin Bədəlov Murad Xaçayev tandemi daha uğurlu olar kimi görünür.
Breno Almeyda yaxşı oyun keçirdi. Freddi Varqas əvvəlki günlərini xatırlatdı. Emin Mahmudov özünə bənzəmədi, Tupta bu gedişlə "Neftçi"nin yeni Yeqor Boqomolskisi olacaq.
Bütün bunlar Yuri Vernidubun diqqətindədir. Ukraynalı mütəxəssis matçdan sonra həyəcan təbili çaldı:
"Futbolçulara demişəm ki, belə oynamağa haqqımız yoxdur, eyni səhvləri təkrarlamalı deyilik".
“Kəpəz" ötən həftə darmadağın olunmaqla üzdüyü azarkeşlərin könlünü almağı bacardı. Azər Məmmədov bu dəfə bir nömrə oynamağı deyil, daha ehtiyatlı futbolu seçmişdi və nəticədə komandasına çox vacib qələbə qazandırdı.
Həlledici qolu Viktor Stina vurdu. Moldovalı legionerin ardıcıl baxımlı qolları zövq verdiyi qədər həm də düşündürür - Futbolun məbədi sayılan Gəncədən niyə moldovalı Stina qədər istedadlı biri çıxmır?
Yay fasiləsində 7 legioner transfer edən "Qəbələ" ötən mövsümlə müqayisədə daha yaxşı futbol oynamaq əvəzinə, hər ötən tur bir qədər də geriləyir.
Bu komandanın dərdi tezliklə həll olunacaq kimi görünmür.
"Sumqayıt" yenə qələbə üzünə həsrət qaldı. "Neftçi", "Qarabağ" və "Turan Tovuz"a məğlubiyyətləri rəqibin gücünə, iddiasına, imkanlarına bağladıq. Bəs "Şamaxı"nı doğma meydanda uda bilməməyin adını nə qoyaq?
Hər halda, Kandido daha böyük imkanlarla liqanın ən aşağı büdcəsinə sahib "Şamaxı"nın baş məşqçisi Azər Bağırovla heç-heçə etmək üçün Portuqaliyadan bura gətirilməyib. Ayılmaq lazımdır, cənablar. Emin Rüstəmovun ayağı büdrəməsəydi o bir xal da olmaya bilərdi. "Qarabağ" xaric heç kimə məğlub olmayan "Şamaxı" ilə bərabər əla qolla yadda qalan Edqar Adilxanova isə "yağlı" 5 düşür
Yatmaq istəyənlərin "Araz-Naxçıvan" - "Turan Tovuz" görüşünün birinci hissəsinə baxması yetər. Bu qədər cansıxıcı oyun gedirdi. Fasilədə bütün futbol ailəsini sevindirən hadisə yaşandı. Denis Marandiçi 653 gün sonra yaşıl meydanlara qayıtdı. Moldovalı 2 il əvvəl məhz "Araz-Naxçıvan" oyunda çox ağır zədə almışdı.
Marandiçi ilə bərabər İbrahim Vadjinin oyuna daxil olması ilə ikinci hissə bir xeyli canlandı. Məntiqi nəticəsi olaraq tovuzlular hesabda önə çıxdı. Qonaqlar qələbəni qeyd etməyə hazırlaşdığı məqamda baş hakim Elçin Məsiyev onların kefinə soğan doğradı. Verdiyi gülməli penalti qərarı ilə. Təkrara baxanda aydın görünür ki, "Turan Tovuz"un qapıçısı nəinki qaydanı pozur, əksinə rəqib oyunçu Mora ilk olaraq onun ayağına zərbə endirir və yerə yıxılır. Məsiyevin VAR-a dəvət olunması, 5 dəqiqə çək-çevir etməsi də qərarını dəyişmədi. Cəmi 5 tur arxada qalıb. Artıq iki oyunda hakimlər "Turan Tovuz"un xallarını oğurlayıb. Öncə Tovuzda "Şamaxı" ilə oyunda komandanın təmiz qolu hesaba alınmadı, bu dəfə Şamaxıda qapısına olmayan penal verildi. Tovuzlu azarkeşlərin halına acımamaq mümkün deyil. Bilmirlər Berdıyevin oynatdığı futbola səbr etsinlər, yoxsa hakimlərin çıxardığı hoqqalara dözsünlər.
"Qarabağ" mövsümdə ilk xal itkisini yaşadı. Hətta məğlub ola bilərdi. Qurban Qurbanov hələ də yenilənən heyəti cilalamaqla məşğuldur. "Qarabağ"da alışmadığımız çoxsaylı top itkiləri, texniki səhvlər, xətlər arasındakı zəif əlaqə hələ bu xəmirin çox su aparacağını göstərir. Daşlar yerinə oturana qədər isə belə xal itkiləri qaçılmazdır. Rəşad Sadıqova əhsən. Kollektivi "Sabah"a 0:5 hesablı məğlubiyyətin şokundan ayılda bilmişdi. Hətta Qələbə qazanmağa yaxın olduğunu deyə bilərik. Son dəqiqələrdə top tirdən qayıtmasaydı. Oyunun baş hakimi Rəşad Əhmədov 68-ci dəqiqədə Bense Varkonyi bağışlaması da "qartallar"ın qələbə şansına az zərbə vurmadı. Məncə, macarıstanlı stoperin İssa Cibrilaya qarşı hərəkəti sarı vərəqədən çox qırmızı vərəqəyə oxşayırdı. Referi Qismət Alıyevə Mateus Silvanı göstərərək sonuncu ümid folu olmadığını sübut etməyə çalışırdı.
Bəli, sonuncu ümid folu deyildi, ancaq aşkar təcavüzkar davranış vardı.
Görünür, Əhmədovun şkalasında güc və intensivlik zəif göstərilib. Maraqlıdır, Varkonyi Cibrilaya başqa nə etməliydi ki qırmızı vərəqə alsın?
Təsəvvür edin ədalətli qərar verilsəydi, "Zirə" nə az, nə çox 25 dəqiqə meydanda bir nəfər üstünlük qazanmış olacaqdı. "Zirə" adına qələbə qazanmaq üçün bundan gözəl fürsət?
Son çempion rəqib tanımır. "Sabah"a hələ ki nə uzaq səfərlər, nə də ağır oyunlar problem yaratmır. "Mançester Yunayted"dən alınan darmadağın, "Old Trafford"un sehri belə "bayquşlar"ın əhvalına təsir edə bilmədi. Futbolçular havada uçmur, liqaya çox ciddi yanaşır. Nəticədə növbəti qurban "Şəfa" oldu. Əslində Zaur Həşimovun kollektivi oyuna pis başlamamışdı. İlk 25 dəqiqədə güclü rəqibə qarşı cəsarətli futbol sərgilədilər. Amma Nicat Mehbalıyevın səhvindən sonra buraxılan qol sanki yoldaşlarının "Sabah"a qarşı oynaya bilərik" əzmini sındırdı.
Masazır təmsilçisi qələbələri sıralamaqla bərabər, qapısını toxunulmaz saxlamağı da bacarıb. Bir sözlə, Valdas Dambrauskasın komandası qaldığı yerdən davam edir.
XANOĞLAN/ SPORTİNFO.AZ
