Sosial şəbəkələrə inanmaq olmaz.
Buna bir daha "Şəfa" - "Sabah" oyunundan sonra şahid oldum.
Qarşılaşmanı canlı izləmək imkanım olmadı. Təbii ki, sonradan icmalına və ya videosüjetinə baxmaq fikrim var idi.
Amma ona qədər sosial şəbəkələrə göz atdım, görüm oyunla bağlı nələr danışılır.
Yazılanlardan belə bir təəssürat yarandı ki, sanki "Sabah" birnəfəsə "Şəfa"nı məğlub edib, "Şəfa"nın meydanda varlığı ilə yoxluğu bilinməyib, bir sözlə, komanda rahatlıqla təslim olub.
Əslində hesab da deyilənlərə inanmağa vadar edirdi.
Amma oyunun cəmi 25 dəqiqəsinə baxandan sonra bu fikirlər tamamilə darmadağın oldu.
Məlum oldu ki, "Şəfa" əməlli-başlı futbol oynayıb.
Komanda oyuna kifayət qədər yaxşı başlayıb, yaxşı epizodları olub. Görünən odur ki, Zaur Həşimov "Sabah"ı kifayət qədər detallı analiz edib, kollektivi oyuna kökləyə və xüsusi hazırlaya bilib.
Sadəcə Nicat Mehbalıyevin bir səhvi baha başa gəlir və nəticədə komanda 0:1 geri düşür.
Təbii ki, "Sabah" kimi rəqiblə oyunda belə ucuz qol buraxırsansa, toparlanmaq çətindir. Amma buna rəğmən "Şəfa" yenə təslim olmayıb. İkinci hissədə də bir neçə real qol epizoduna girir.
Əksəriyyət Laşabın ötürməsindən, Xaybullayevin baş zərbəsindən, Simiçin fərqlənməsindən danışır. Amma nə qədər qəlibə səslənsə də, həmin oyunun əsl qəhrəmanı "Sabah"ın gənc qapıçısı Rəvan Mirzəmmədovdur.
Kifayət qədər ideal oyun keçirib, bir neçə əla seyvlə yadda qalıb.
Həmin çıxarışlardan biri qolla nəticələnsəydi, bəlkə də "Şəfa"ya inam gələcəkdi və komanda oyuna qayıdıb ən azı xalı qopara bilərdi.
Qısası, bəzən nəticə heç də hər şeyi demir. Sosial şəbəkələrə isə qəti inamaq olmaz. Ora tam başqa dünyadır.
XANOĞLAN İMANOV/ SPORTİNFO.AZ
