Ramiz Məmmədov 4 komanda haqda BU SÖZLƏRİ İŞLƏTDİ

5 Mart 2021 22:20 Premyerliqa 1 632
Ramiz Məmmədov 4 komanda haqda BU SÖZLƏRİ İŞLƏTDİ

“Pro” kateqoriyalı məşqçi Ramiz Məmmədov Premyer Liqanın 18-ci turunun “Qarabağ” - “Qəbələ” (3:0) və “Səbail” - “Keşlə” (1:1) qarşılaşmalarını Sportinfo.az üçün dəyərləndirib.

"Səbail" - "Keşlə"
Bu oyunun maraq doğuracağını öncədən bilirdik. "Keşlə"nin 3 xal üçün Bayıla getdiyini bəlli idi. Sənan Qurbanovun gəlişindən sonra komanda Premyer Liqada udmayıb. Daxili ab-havanın düzəlməsi üçün bu, vacibdir. "Səbail" son turlar yaxşı oyun sərgiləyirdi. Oyun gözlənilən kimi oldu. "Keşlə" ilk dəqiqədən hücumları ard-arda gətirdi. Tural Axundovun uzaq məsafədən vurduğu gözəl qol "Keşlə"nin inamını bir qədər də artırdı. Turalın özünə yad olan mövqedə oynamasını qeyd edərdim. Bu, Sənan Qurbanov tərəfindən uğurlu gedişdir və özünü doğrultdu. Mənim xatirəmdədir ki, "Neftçi"də oynayanda da, Tural uzaq məsafədən gözəl qollar vurmuşdu. Aftandil Hacıyevin ikinci hissədəki uğurlu əvəzetmələrindən sonra "Keşlə" son 10 dəqiqəni hesabı qorumaq üçün müdafiəyə çəkildi. Və cərimə zərbəsindən sonra iranlı legioner Peyman Keşavarzi başla hesabı 1:1 etdi. Oyun ərzində ərazi üstünlüyü 55-45 nisbətində "Keşlə"nin xeyrinə idi. Qalibiyyət qazanacaqları halda, hər şey yerinə oturmuş olacaqdı. Həqiqətən "Keşlə" bu "Səbail"dən üstün oynadı və daha istəkli idilər. Ancaq Aftandil Hacıyevin əvəzetmələri özünü doğrultdu, nəticədə hesab 1:1 başa çatdı. Əliyar Ağayevin idarə etdiyi hakimlər briqadası isə öhdəsinə düşən işi layiqincə yerinə yetirdilər.

"Qarabağ" - "Qəbələ"
"Qəbələ"nin son iki turda həm "Neftçi"yə 90+4-cü dəqiqədə qol buraxıb uduzduğu, həm də "Sumqayıt" üzərində qələbə qazandığı görüşdə göstərdiyi parlaq futbol vəd edirdi ki, bu oyun da maraqlı olacaq. Oyun gözlənilən kimi başladı. Sadəcə, "Qəbələ"də əksəriyyət akademiyadan çıxan təcrübəsiz futbolçular olduğu üçün xətlər arasında əlaqə "Qarabağ"dakı kimi deyil. Bilirik ki, "Qarabağ" çox böyük təcrübəyə malikdir və bir yerdə uzun müddətdir oynayırlar. Bu səbəbdən anlaşma yüksək səviyyədədir. Bu oyunda ustalıq səviyyəsi öz sözünü dedi. Buraxılan qollardan sonra "Qəbələ" özündə güc tapıb, dönüş edə bilmədi. Bunun nəticəsində 3:0 hesablı qələbəni "Qarabağ" özü üçün təmin elədi. Ozobiç və Zubirin gözəl oyununu qeyd eləmək istəyirəm. Mahir Emreli bombardir kimi öz yerini qoruyub-saxladı. Digər tərəfdən, bunu maraqlı edən bombardirlik yarışında "Neftçi"dən Namiq Ələsgərovun olmasıdır. Bu, bir az ürəkaçandır. Millimiz qarşıdan gələn Portuqaliya ilə oyunda bu qollar sayəsində daha ümidli olar. Kamal Umudlunun rəhbərlik etdiyi hakimlər briqadası oyunun öhdəsindən layiqincə gəldi. Çox səhv etmədilər. Hər birinə “sağ ol” düşür.

Digər Xəbərlər
Xəbər Lenti