
“Neftçi”nin “Rapid”ə məğlubiyyətindən sonra müzakirələr davam edir. Və daha bir neçə gün davam edəcək.
Tək futbol camiəsində olanlar yox, millət vəkili, təhsil eksperti, aktyor və digər sahələrdə çalışan futbol azarkeşləri də ölkənin ən köklu klubunun üzləşdiyi vəziyyəti pisləyir, yenilgini həzm edə bilmir.
Jurnalist həmkarımız Kənan Hakimov da sosial şəbəkə hesabında “Neftçi”nin uğursuzluğuna münasibət bildirib.
İTV-nin əməkdaşı “Neftçi”nin qrup mərhələsində oynamağı haqq etmədiyini yazaraq, iddiasını komandanın tələm-tələsik yığılması ilə əlaqələndirib.
Pulların hara xərcləndiyini, hesabatı kimin verəcəyini soruşub, aşağı səviyyəli legionerlərin ağ-qara formanı geyinməyi haqq etmədiyini yazıb.
Hakimovun paylaşımına AFFA-ya bağlı şəxsdən, dəqiq desək, Azərbaycan millisinin skautu İlqar Qurbanovdan reaksiya gəlib.
Yığmanın və “Qarabağ”ın sabiq futbolçusu qısa şərhlə klub rəhbərliyini suçlayıb:
“Patoya verilən pula aşağı yaş qruplarında çalışan məşqçiləri oxumağa göndərərdilər. Amma kimə lazımdır?”
Konfrans Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində “Rapid”lə “Neftçi” arasında Bakıda baş tutmuş ilk oyun təmsilçimizin qələbəsi ilə başa çatmışdı – 2:1. Vyanadakı cavab qarşılaşmasında meydan sahibləri 2:0 hesablı qələbə ilə pley-offa vəsiqəni təmin etdi.
HƏBİB / SPORTİNFO.AZ