"Neftçi"də fırtına qoparan əcnəbinin SİRRİ bilindi

19:00 Neftçi 116
"Neftçi"də fırtına qoparan əcnəbinin SİRRİ bilindi

Breno Almeyda bu mövsümə fırtına kimi başlayıb.

Qollardan, məhsuldar ötürmələrdən doymur.

Razılaşarsınız ki, keçən mövsüm o qədər də effektiv deyildi. Hətta ayrılması müzakirə olunurdu.

Bu mövsümün əvvəlində də, xüsusilə Minsk "Dinamo"su ilə matçlarında özünə bənzəmirdi. Tənqidlər, haqlı tənqidlər də az olmadı.

Amma mövsümə inanılmaz şəkildə başlayıb, ardıcıl qollar vurur və komandasının liderinə çevrilib.

Belə məqamda bir amil xüsusilə yada düşür. "Neftçi"də son illərdə köklü dəyişikliklər baş verir. Demək olar ki, hər mövsümün sonunda kütləvi şəkildə futbolçular gedir, kütləvi şəkildə yeniləri gəlir.

Son üç ildə "Neftçi"də çıxış etmiş və hələ də komandada qalan üç nəfəri belə rahat saya bilmirik. Bu, ciddi problemdir.

Brenonun timsalında bunun nə qədər vacib olduğunu görürük. Bir futbolçu klubda uzun müddət qalanda öz bacarıqlarını tədricən daha yaxşı şəkildə açır, komandanın sisteminə uyğunlaşır və potensialını daha dolğun göstərə bilir. Breno da bunun nümunələrindən biridir.

"Neftçi"də son illərdəki əsas problemlərdən biri məhz bu sabitliyin olmaması idi.

Hər il komandanı yenidən qurmaqla, hər dəfə başqa futbolçular gətirməklə nəticə əldə etmək çətindir.

Bəlkə də "Neftçi" artıq “get-gəl" yanaşmasından yox, qurduğu komandanı qorumaq və inkişaf etdirmək prinsipindən çıxış etməlidir.

Onda brenoların da sayı artar, keyfiyyət yüksələr, nəticələr daha da yaxşılaşar.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti