“Neftçi”ni gözləyən daha bir təhlükə - Vəziyyət dəhşətli dərəcədə ağırdır

21 May 2022 16:00 Neftçi 1 696
“Neftçi”ni gözləyən daha bir təhlükə - Vəziyyət dəhşətli dərəcədə ağırdır

Premyer Liqanın bağlanış turu möhtəşəm oyunla yadda qalacaq.

Cari mövsümün çempionu “Qarabağ” ötən ilin çempionu “Neftçi”ni qəbul edəcək.

Komandalar arasındakı əzəli rəqabətdən, əbədi prinsipiallıqdan danışmaq artıqdır. Ortada “Qarabağ”la “Neftçi”nin adı varsa, əlavə şərhə ehtiyac yoxdur.

Ağdamlılar cari birincilikdə baş tutan öncəki 3 oyunun hamısında bakılıları üstələyə bilib. Bu dəfəki qarşılaşmada da “köhlən atlar”ın rahat qələbə qazanacağı gözlənilir. Bəzi maraqlı faktlar var ki, onlardan bəhs etməyin vaxtıdır.

Fərqli ab-havada...
Komandaların psixoloji hazırlığı baxımından iki komanda arasında yerlə göy qədər fərq var. Çempionatda rəqib tanımayan “Qarabağ”da üzlər gülür, artıq Çempionlar Liqasında iştirak barədə düşünülür.

Komanda üçün qələbə qazanmaq adiləşib. Əsasən böyük hesablı qalibiyyətlər barədə düşünürlər.

“Neftçi” düşərgəsində vəziyyət heç də yaxşı deyil. “Ağ-qaralar” gümüş medalları təmin edəndən sonra son 2 qarşılaşmada “Qəbələ”ylə “Zirə”yə uduzub.

Baş məşqçi Samir Abasovun komandada qalacağı sual altına düşdüyündən, məşqçi və futbolçu heyəti toparlanmaqda çətinlik çəkir. Ümumiyyətlə, hazırkı “Neftçi”də durumu ürəkaçan hesab etmək olmaz.

...iki futbolçunun və...
“Neftçi” itkisiz heyətlə belə, indiki “Qarabağ” qarşısında çətinlik çəkirdi. Lakin bu dəfə aparıcı futbolçularından ikisi meydana çıxmaqdan məhrumdur.

Söhbət kapitan Emin Mahmudovla Rusiya Premyer Liqasından gətirilən Azər Əliyevdən gedir. Hər iki oyunçu sonuncu matçda sarı vərəqə limitini doldurduğundan turun mərkəzi qarşılaşmasında yer ala bilməyəcək.

Xüsusən Eminin yoxluğu “Neftçi”nin oyun quruculuğunda özünü göstərəcək. İtkilərin fonunda Abasov rotasiyalara əl atmalıdır ki, bunun özünü nə dərəcədə doğruldacağı böyük sualdır.

...azarkeşlərin yoxluğu
Bu qədər problem azmış kimi, “ağ-qaralar”a bir də tribunalar problem yaradacaq. Əvvəlki qarşılaşmalarda bakılılar “Forza Neftçi”dən lazımi dəstək alırdısa, bu dəfə onu görməyəcək.

“Zirə” ilə matçda “istefa” şüarına görə polislərin təzyiqi ilə üzləşən fanatlar “Qarabağ”la oyunu boykot etməyi qərara alıb. Artıq bununla bağlı “Forza Neftçi” bəyanat da yayıb.

“Neftçi”sevərlərin tribunada olmaması rəqib azarkeşlərin – “İmarət”in əl-qolunu açacaq ki, stadionda “Qarabağ” azarkeşlərinin dəstəyi hiss olunacaq, ağdamlı futbolçular bundan ilhamlanacaq. Vay olacaq “Neftçi”dəki top dalınca qaçanların halına.

Bu qədər problemin qarşılığında “Neftçi”nin nə edəcəyi, “Qarabağ”ın gücünə nə qədər dözəcəyi müəmmalıdır. Allah bakılıları ağdamlıların növbəti darmadağınından qorusun.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti