"Neftçi" Avstriya klubunun hücumçusuna təklif göndərdi

27 Yanvar 11:40 Neftçi 1 223
"Neftçi" Avstriya klubunun hücumçusuna təklif göndərdi

«Neftçi»nin danışıqlar apardığı növbəti hücumçunun kimliyi bəlli olub.

Klubdan Sportinfo.az-a verilən məlumata görə, maraq dairəsinə düşən forvard Brayt Edomvonimdir.

Bildirilib ki, Samir Abasov xarici menecerlər tərəfindən təklif olunan nigeriyalını çox bəyənib. Baş məşqçinin israrı ilə afrikalı legionerə 6 ay+1 illik müqavilə təklitf olunub.

Hətta icarə variantı da mümkündür. Yetər ki, Edomvonim maliyyə şərtlərini qəbul etsin. Burada isə söhbət heç də az məbləğdən getmir.

Adıçəkilən hücumçu qarşıdakı 6 ay üçün təqribən 100 min avro tələb edib, klub isə onun 20-25 min dollar aşağı düşməsini gözləyir.

Nigeriyalı müqavilə ilə Vyana «Austriya»sına məxsusdur. «Neftçi» tezliklə Edomvonimlə razılığa gəlməsə, Avstriya təmsilçisi futbolçusunu «Atromitos»a göndərəcək. Hər halda Yunanıstan komandasının icarə şərtləri onlara daha münasib gəlir.

26 yaşlı forvard «Rok Football Academy»nin yetirməsidir. Nigeriyalı buna kimi artıq bir ölkədə legioner həyatı yaşayıb.

2017-2018-ci illərdə Türkiyədə «Çaykur Rizəspor»un formasını geyinib. Super Liqada 22 oyuna 2 qol vurub. Ümumiyyətlə isə o, «Zalsburq», «Liferinq», «Vaker İnnsbruk», «TSV Hartberq» və «Şturm Qrats»da da çıxış edib.

Xəbər Lenti