“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov bəlkə də son mövsümlərin ən ağır dönəmini yaşayır.
Səbəb isə komandanı cənginə alan zədə epidemiyasıdır. Son oyunlarda baş məşqçi məhz zədələr səbəbindən bir neçə futbolçunun xidmətindən istifadə edə bilmir ki, bu da onu məcburən rotasiyalara əl atmağa vadar edir.
“Qartallar”ın 9-cu turdakı rəqibi “Sumqayıt”dır. Əvvəlki dönəmlər olsaydı, bəlkə də “Zirə”ni matçın favoriti adlandırmaq olardı. Lakin bu mövsümün reallığına baxsaq, vəziyyət nisbətən fərqlidir.
İş burasındadır ki, Sumqayıt mövsümə ardıcıl 3 məğlubiyyətlə başlamışdı və son pillələrdə qərarlaşırdı.
Lakin son 4 oyunda əldə olunan nəticələr “kimyaçılar”ın durumunu bir xeyli yaxşılaşdırıb. Son 4 oyunda 2 qələbə qazanıb və son 2 qarşılaşmanı qələbə ilə başa vurublar. Hazırda 8 xalla 8-ci pillədə qərarlaşıblar.
“Zirə”nin durumu isə tam fərqlidir. Komanda mövsümə ardıcıl 3 qələbə ilə başlayıb, turnir cədvəlinin ilk pillələrində yer almışdı.
Lakin son 5 turdur ki, Rəşad Sadıqovun yetirmələri qələbənin nə olduğunu bilmir. Bu oyunların 2-sində məğlub olub, 3-də heç-heçə oynayıblar. Heç-heçə ilə başa çatan 3 oyunun 2-sində isə məğlubiyyətdən son anda qaçıblar.
Yəni hazırkı vəziyyət da göstərir ki, “Zirə”nin işi qaydasında getmir. Bu qarşılaşmada meydanın bir tərəfində son həftələr uğurlu qrafik cızan “Sumqayıt”, digər tərəfində isə son həftələrdə uğursuzluq yaşayan “Zirə” dayanacaq.
Maraqlıdır ki, sumqayıtlılar qələbə qazanacağı təqdirdə xallarının sayını 11-ə çatdırıb təhlükəli zonadan bir xeyli uzaqlaşacaq. Zirəlilər məğlub olsa, liderlər qrupundan, ilk “4-lük”dən bir xeyli uzaq düşəcək.
Yox, əksi yaşansa, “Zirə” qalib gəlsə, əsas rəqiblərinə yaxınlaşacaq. “Sumqayıt”ın turnir cədvəlindəki vəziyyəti isə bir az çətinləşəcək.
Oktyabrın 23-də Zirə İdman Kompleksinin meydanında keçiriləcək qarşılaşma saat 19:00-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ
