Birinci Liqanın 6-cı turunun mərkəzi oyunu böyük maraqla gözlənilirdi.
Çünki çempionluğa iddialı iki komanda – “Şahdağ Qusar”la “Səbail” üz-üzə gəlirdi.
Üstəlik, Qusar təmsilçisi turnir cədvəlinin lideri, “Səbail” isə ikinci pillənin sahibi idi. Bir sözlə, Birinci Liqanın ən iddialı iki komandası qarşılaşırdı.
Amma gözlədiyimizin əksinə, meydanda futbol adına ciddi nəsə görmədik. Sürət aşağı, kombinasiyalı hücumlar isə, demək olar ki, yox səviyyəsində idi.
Oyunun gedişində azarkeşlərə zövq verəcək, matçın səviyyəsini yüksəldəcək ciddi məqamlara rast gəlmək çətin idi.
Halbuki söhbət Birinci Liqanın ən yaxşı iki komandası hesab olunan kollektivlərin duelindən gedirdi.
Daha düşündürücü məqam isə hər iki komandanın heyətində legionerlərin sayıdır.
Qarşılaşma ərzində meydanda ümumilikdə 10 əcnəbi futbolçu oldu. Ancaq onların çıxışında səviyyə fərqi yaradan, ustalığı ilə seçilən, komandasına əlavə keyfiyyət gətirən oyunçular görmədik.
Nisbətən qonaqlardan Joze Zenqonu fərqləndirmək olardı.
Amma o belə yəni "vau" deyildi.
Əgər legioner Birinci Liqada da fərq yarada bilmirsə, onun komandaya cəlb olunmasının mənası nədir?
Əcnəbi futbolçu yerli oyunçudan daha üstün olmalı, komandaya əlavə keyfiyyət gətirməlidir. Əks halda, onun varlığı sadəcə legioner limitinin doldurulmasına xidmət edir.
“Səbail”də vəziyyət daha ağrılıdır. Yayda Türkiyədə hazırlıq keçən, heyətində Premyer Liqa təcrübəsi olan xeyli futbolçu saxlayan kollektivdən daha keyfiyyətli oyun gözləmək olardı.
Ancaq meydanda nə oyun tempi, nə hücum müxtəlifliyi, nə də iddialı komandaya yaraşan futbol gördük.
“Şahdağ Qusar” da keyfiyyət baxımından xüsusi fərqlənmirdi. Amma Qusar təmsilçisinin nizam-intizamı, mübarizəsi və qələbəyə daha çox can atması ön plana çıxdı.
Nəticədə meydan sahibləri 1:0 hesablı qələbə qazandılar. Bəzən belə oyunlarda nəticəni məhz istək və intizam müəyyənləşdirir. Ki, elə də oldu.
Lakin ümumi mənzərə ürəkaçan deyildi. Çempionluğa iddialı iki komandanın qarşılaşmasından daha çox şey gözləməyə haqqımız vardı.
Təəssüf ki, bu görüş həmin gözləntiləri doğrultmadı. Düzü, bu oyunu günlərlə gözləməyə, 90 dəqiqə vaxt ayırıb hər anını izləməyə dəyməzdi.
Birinci Liqanın zirvəsində qərarlaşan komandaların duelində futbolun keyfiyyətindən çox, nəticə uğrunda mübarizə gördük.
XANOĞLAN/ SPORTİNFO.AZ
