"Bu imkanı AFFA rəhbərliyi yaradıb və futbolçularımız üçün lazımi şəraiti təmin edib"

"Bu imkanı AFFA rəhbərliyi yaradıb və futbolçularımız üçün lazımi şəraiti təmin edib"

Bakıda keçiriləcək FİFA U-15 dünya çempionatı və festivalı gənc futbolçular üçün böyük şansdır.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin sabiq futbolçusu Nazim Süleymanov jurnalistlərə açıqlamasında deyib.

O, yığmadan yaxşı nəticə gözlədiyini söyləyib:

"Milli komandamızdan, əlbəttə ki, qələbələr gözləyirik. Bu cür dünya çempionatı və festivalda iştirak etmək hər bir futbolçu üçün böyük şansdır.

Bu fürsətdən maksimum istifadə etmək lazımdır. İnanıram ki, bu təcrübə gənc oyunçularımızın gələcəkdə böyük futbolçu kimi formalaşmasına təkan verəcək.

Təcrübəli mütəxəssis azarkeşləri komandaya dəstək verməyə çağırıb:

"Bu imkanı AFFA rəhbərliyi yaradıb və futbolçularımız üçün lazımi şəraiti təmin edib. İnanıram ki, gənc futbolçular meydana qələbə əzmi ilə çıxaraq hamımızı sevindirəcəklər.

189 ölkənin iştirak edəcəyi bu çempionat analoqu olmayan bir tədbirdir. Bu, böyük sevinc və əsl futbol bayramıdır.

Fürsətdən istifadə edərək bütün futbolsevərləri bu bayramda iştirak etməyə dəvət edir, onları təbrik etmək istəyirəm".

Xatırladaq ki, U-15 dünya çempionatı və festivalı oktyabrın 24-30-da Hövsan Yarış Kompleksində baş tutacaq. Turnirin açılış və final görüşü Bakı Kristal Zalında keçiriləcək.

Yarışın ilk oyunları oktyabrın 24-də başlayacaq. 189 ölkənin iştirakı və 1000-ə yaxın matçın keçirilməsi nəzərdə tutulan turnir dünyanın müxtəlif nöqtələrindən yeniyetmə futbolçuları bir araya gətirəcək.

Azərbaycan millisi turnir çərçivəsində ilk oyununu oktyabrın 24-də, saat 19:30-da "Crystal Hall"da Timor-Leste yığmasına qarşı keçirəcək.

Komanda oktyabrın 25-də, saat 12:45-də Andorra, saat 19:30-da isə Avstraliya yığması ilə qarşılaşacaq. Bu iki görüş Hövsan Yarış Kompleksinin 10A meydançasında baş tutacaq.

Milli komanda oktyabrın 26-da, saat 11:30-da İsrail, saat 18:15-də isə Haiti yığması ilə həmin meydançada üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
23 Oktyabr 17:30 Çək və bizə göndər!
23 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM