“Sizə söz verirəm...” - Millinin debütantı ilə SƏMİMİ MÜSAHİBƏ

16:40 Müsahibə 193
“Sizə söz verirəm...” - Millinin debütantı ilə SƏMİMİ MÜSAHİBƏ

“Şamaxı”nın gənc üzvü Oruc Məmmədov Azərbaycan millisində debüt matçına çıxdı.

22 yaşlı yarımmüdafiəçi Litva ilə qarşılaşmada əsas heyətdə yer almaqla vurulan yeganə qolda yaxından iştirak etməklə diqqət çəkdi.

Sportinfo.az-a müsahibə verən Məmmədov oyunla bağlı sualları cavablandırıb.

- Lixtenşteyn heç-heçəsindən sonra Litvanı məğlub edəcəyinizi təsəvvür edirdin?

- Uğursuz nəticədən sonra üzərimizdə böyük təzyiq var idi. Lakin biz qarşımıza məqsəd qoymuşduq ki, nə olur-olsun vəziyyəti düzəltməliyik. Bunun üçün qələbə çox vacib idi. Bu gün idmançı xarakteri göstərərək vacib qələbə qazandıq. Əlbəttə, hər birimizdə qələbəyə istək və inam var idi.

- Aradakə üç gün müddəti sizin üçün necə keçdi? Oyuna necə hazırlaşırdınız?

- Ayxan Abbasov sağ olsun, hər zaman yanımızda və arxamızdadır. Hər söhbətində bizə inandığını deyir, motivasiya verirdi. Xal itirmək barədə qətiyyən düşünmürdük. Məqsədimiz meydanı yalnız və yalnız 3 xalla tərk etmək idi. Bu günlərdə ancaq buna köklənmişdik.

- Litvanı nəyin sayəsində üstələdiniz?

- Fikrimcə, əsas məqam motivasiyanın yüksək olmasıydı. Ayxan müəllim bizi hədsiz dərəcədə həvəsləndirmiş və inandırmışdı. Həmin motivasiya meydanda xarakter göstərməyimizi şərtləndirdi.

- Lixtenşteyn heç-heçəsindən sonra mətbuatda və sosial şəbəkələrdə yazılanları oxuyurdunuz?

- Futbol belədir, nəticə yoxdursa, tənqid eşitmək normaldır. Belə reaksiyanın olacağını gözləyirdik. Bu gün qələbə qazandıq, hamı sevinir, alqışlayır. Biz də çalışırıq ki, qələbələr davamlı olsun. Futbol ictimaiyyətinin bizə güvənməsini istəyirəm. Sizə söz verirəm, zamanla – birlikdə daha çox oynadıqca daha yaxşı olacaq.

- Bu cür məsul oyunda start heyətində yer almağın yəqin ki, özün üçün də gözlənilməz oldu.

- Düzünü desəm, gözləmirdim. Ayxan müəllimə göstərdiyi güvən üçün təşəkkür edirəm. Start heyətində oynamağım mənim üçün əlavə motivasiya oldu. Mən də etimadı doğrultmağa çalışdım.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti