Premyer Liqanın 8-ci turunun iki maraqlı qarşılaşmasından biri bu gün baş tutacaq. Çempionluğa iddiasını artıran “Neftçi” doğma meydanında “Turan Tovuz”u qəbul edəcək.
İlk baxışdan bakılılar favorit təsiri bağışlasa da, son illərin statistikası bu görüşün meydan sahibləri üçün heç də asan keçməyəcəyini göstərir.
Xüsusən Kurban Berdıyevin qərb təmsilçisinin “sükanı” arxasına keçməsindən sonra “Turan Tovuz” “Neftçi” üçün əsl kabusa çevrilib.
Statistikaya nəzər salaq. 2024-cü ilin avqustundan bəri komandalar Premyer Liqada 7 dəfə üz-üzə gəliblər. Bu görüşlərin 2-sində tovuzlular qələbə qazanıb, 4-ündə heç-heçə qeydə alınıb. “Neftçi” isə cəmi bir dəfə rəqibini məğlub edə bilib. Həmin qələbə ilyarım əvvələ - 2025-ci ilin mayına təsadüf edib. “Ağ-qaralar” rəqibini bölgədə 2:1 hesabı ilə üstələyib.
Diqqətçəkən digər məqam isə bu qarşılaşmalarda məhsuldarlığın aşağı olmasıdır. Son 7 oyunda komandalar cəmi 9 qol vurublar. Üstəlik, bu matçların yalnız birində üç qol qeydə alınıb. Rəqəmlər tərəflər arasında keçirilən görüşlərin az qollu olmasından xəbər verir.
Bəs komandaların hazırkı durumu necədir?
Mövsümün geridə qalan hissəsinə nəzər saldıqda “Neftçi”nin daha sabit təsir bağışladığını görürük. Avrokuboklara vəsiqə uğrunda mübarizəyə köklənən “Turan Tovuz” isə hələlik gözləntiləri doğrulda bilmir.
Qərb təmsilçisi “Şamaxı” və turnir cədvəlinin sonuncusu “Araz-Naxçıvan”la heç-heçə edib, elitada qalmaq uğrunda mübarizə aparan “Kəpəz” və “İmişli”yə uduzub.
“Neftçi” isə 8 turda cəmi bir məğlubiyyət alıb. Bakı təmsilçisi üçün yeganə uğursuzluq 3-cü turda “Zirə”yə səfərdə qeydə alınıb. Son iki turda isə bakılılar kifayət qədər ciddi sınaqlardan keçiblər.
Əvvəlcə hazırda əla formada olan “Sabah”la heç-heçə edən “Neftçi” daha sonra son illərdə onun üçün ən çətin rəqiblərdən birinə çevrilən “Qarabağ”la 3:3 hesablı heç-heçəyə razılaşıb. Halbuki “ağ-qaralar” həmin görüşdə üç top fərqi ilə öndə olsalar da, üstünlüklərini qoruya bilməyiblər.
Bütün bunlar “Neftçi”nin bugünkü qarşılaşmanın favoriti olduğunu deməyə əsas verir. Ancaq “Turan Tovuz”un xarakterini də unutmaq olmaz.
Berdiyevin komandası bəzən xal itirməsi gözlənilən rəqiblərlə görüşlərdə çətinlik yaşasa da, iddialı rəqiblərə qarşı daha yaxşı oyun nümayiş etdirməyi bacarır. Bu səbəbdən “Neftçi”nin üstün görünməsi tovuzluların prinsipial rəqiblərindən birinə müqavimət göstərə bilməyəcəyi anlamına gəlmir.
Beləliklə, bu gün futbol ictimaiyyətini həm turnir cədvəli, həm də son illərin statistikası baxımından maraqlı qarşılaşma gözləyir.
“Neftçi” uğurlu seriyasını davam etdirmək, “Turan Tovuz” isə rəqibi ilə oyunlardakı statistika üstünlüyünü qorumaq istəyəcək.
“Palms Sports Arena”da keçiriləcək qarşılaşmanın start fiti saat 19:00-da çalınacaq.
HƏBİB / SPORTİNFO.AZ
