Bakıda təşkil olunan U-15-lər arasında dünya çempionatı və festivalına 189 komanda qatılıb.
Sportinfo.az xəbər verir ki, 18 ölkə turnirdə iştirakdan imtina edib.
Ukrayna Futbol Assosiasiyasından (UAF) yerli mətbuata bildirilib ki, U-15-in bu yarışda iştirakı öncədən planda olmayıb. Buna səbəb turnirin formatının eksperimental olmasıdır:
“Azərbaycandakı futbol festivalı Ukraynanın U-15 yığmasının planlarında olmayıb. Turnirin formatı kifayət qədər eksperimentaldır – 8×8, 20 dəqiqəlik hissələr və futbolçuların gün ərzində bir neçə oyun keçirməsi nəzərdə tutulur”.
Ukraynalılar Azərbaycana gəlmək əvəzinə Türkiyədə keçiriləcək turnirdə iştirak edəcəklər. Orada Portuqaliya, Danimarka, Niderland və digər ölkələrin yığmaları mübarizə aparacaqlar.
UAF-dan verilən açıqlamaya əsasən, Rusiya yığmasının festivala dəvət olunması barədə məlumat Ukraynanın turnirdən imtina etmək qərarından sonra ortaya çıxıb.
Amma bunun ardından Ukrayna Futbol Assosiasiyası Avropanın digər futbol assosiasiyaları ilə əlaqə saxlayaraq Rusiyanın yarışa buraxılması barədə məlumat verib.
UAF-dan məsələ ilə bağlı açıqlama belə olub: “Müraciətlərimizə cavab olaraq bəzi ölkələr bu yarışa qatılmayacaqlarını, digərləri isə iştirak edəcəklərini, lakin Rusiya ilə qarşılaşmayacaqlarını bildiriblər”.
Turnirdə iştirakdan imtina edən 18 millidən 16-nın adı da açıqlanıb. Belə ki, Ukrayna, Almaniya, Niderland, Avstriya, Belçika, Danimarka, Norveç, İsveç, İsveçrə, Rumıniya, Serbiya, Sloveniya, Finlandiya, İslandiya, San Marino və ABŞ yığmaları Bakıya səfər etməmək qərarına gəliblər.
Dünya çempionatı oktyabrın 30-dək davam edəcək.
