Premyer Liqanın 9-cu turunda “Kəpəz” “Şəfa” ilə qarşılaşacaq.
Son həfrələrdə uğurlu qrafik cızan Gəncə təmsilçisi uğursuzluq zolağından çıxa bilməyən debütantla dueldən qalib ayrılmağa çalışacaq.
“Kəpəz”in kosovalı müdafiəçisi David Domjqoni qarşılaşmanın çətin keçəcəyini istisna etməyib.
O, Sportonfo.az-a açıqlamasında rəqibin debütant olmasına baxmayaraq, yaxşı heyətə sahib olduğunu vurğulayıb, meydana 3 xal üçün çıxacaqlarını gizlətməyib:
Təcrübəli müdafiəçi qarşıdakı oyunla bağlı fikirlərini bölüşüb:
“Bir aydan çoxdur Azərbaycandayam və indiyədək gördüklərimə əsasən deyə bilərəm ki, komandalar arasında ciddi fərq yoxdur.
İndiyə qədər qarşılaşdığım komandaların heç birinin digərindən nəzərəçarpacaq dərəcədə üstün olduğunu görməmişəm.
Ona görə də deyə bilərəm ki, ‘Şəfa’ ilə oyun heç də asan keçməyəcək. Rəqibin debütant olması bizi çaşdırmamalı və arxayınlaşdırmamalıdır.
Çünki onların kifayət qədər yaxşı heyətə malik olduğunu düşünürəm. “Zirə” ilə oyun artıq geridə qalıb.
Həmin matçı unutmuşuq və bütün diqqətimizi qarşıdakı görüşə yönəltmişik. Bu oyuna da ciddi yanaşacaq, əvvəlki matçlarla müqayisədə daha yaxşı futbol sərgiləməyə çalışacağıq.
Məqsədimiz 3 xal uğrunda mübarizə aparmaq və meydanı qələbə ilə tərk etməkdir”.
Oktyabrın 24-də “SOCAR Polymer Arena”da keçiriləcək “Kəpəz” – “Şəfa” dueli saat 16:30-da başlayacaq.
HƏBİB
