Son dönəmlər tovuzlu futbol azarkeşlərinin tribunalardan uzaqlaşdığı hiss olunur. Bunu “Turan Tovuz”un ev oyunlarına gələn azarkeşlərin sayı əyani şəkildə göstərir.
Məsələn, sonuncu “Zirə” ilə ev oyununda tribunalara cəmi 4 min azarkeş toplaşmışdı. Bu, rəsmi açıqlanan rəqəmdir. Hamımıza məlumdur ki, klublar bir çox hallarda azarkeş sayını mümkün qədər yüksək göstərməyə çalışırlar. Açıqlanan rəqəmlər və protokolda qeyd olunan göstəricilər heç də həmişə reallığı əks etdirmir.
Hətta rəsmi rəqəmi maksimum həddə qəbul etsək belə, 6500 azarkeş tutumuna malik Tovuz şəhər stadionunun belə vacib oyunda dolmaması ciddi suallar doğurur.
Nəzərə alaq ki, “Turan Tovuz” – “Zirə” qarşılaşması prinsipial əhəmiyyət daşıyırdı. Ötən mövsümün yekunlarına əsasən, Avrokuboklara “Turan Tovuz” getməli olsa da, məlum səbəblərdən onun yerini “Zirə” tutmuşdu. Üstəlik, ötən mövsüm bu iki komanda arasında keçirilən bəzi oyunlarda hakim qərarları intriqanı xeyli artırmışdı. Bütün bunlara baxmayaraq, Tovuz şəhər stadionunun dolmadığını gördük.
Sonuncu dəfə Yevlaxda keçirilən “İmişli” – “Turan Tovuz” oyununda da tovuzlu azarkeşlərin fəallığı hiss olunmadı. Halbuki Tovuzdan Yevlaxa olan məsafə o qədər də böyük deyil. Bakı ilə müqayisədə isə bu səfər kifayət qədər yaxındır. Buna baxmayaraq, qarşılaşmanı izləmək üçün stadiona cəmi 350 azarkeş gəlmişdi. Onların da ən yaxşı halda 50-60 nəfərinin tovuzlu olduğunu ehtimal etmək olar.
Halbuki əvvəlki mövsümlərdə “Turan Tovuz”un “Qarabağ” və “Neftçi” ilə Bakıda keçirilən səfər oyunlarına bundan qat-qat çox azarkeşin gəldiyinin şahidi olmuşuq.
İlk baxışdan bu laqeydliyin əsas səbəbinin nəticələr olduğunu düşünmək olar. Geridə qalan 8 turda “Turan Tovuz” öz səviyyəsinə uyğun rəqiblərlə oyunlarda ciddi xal itkiləri ilə üzləşib. “İmişli”yə və “Kəpəz”ə məğlubiyyət, “Şamaxı” ilə heç-heçə və digər uğursuz nəticələr azarkeşlərin narazılığına səbəb olub.
Amma məsələ təkcə nəticələrdə deyil.
Ən əsası, yerli publika Kurban Berdıyevin futbolundan narazıdır. Bununla belə, bölgədən əldə etdiyimiz məlumata görə, tovuzlu futbolsevərləri narahat edən başqa bir məqam da var: komandanın heyətinin bütövlükdə əcnəbilərdən qurulması.
Kurban Berdıyev, demək olar ki, hər oyunda meydana 11 əcnəbi futbolçu ilə çıxır. Azarkeşlərlə komanda arasında yaranan soyuqluğun səbəblərindən biri də məhz budur.
Futbolu bilən, futbolu sevən və bu idman növünün daim yaşadığı Tovuzun azarkeşləri yerli futbolçuların komandada daha çox təmsil olunmasını istəyirlər. Onların bu yanaşmasını da anlamaq mümkündür. Axı Tovuzda hər zaman yaxşı yerli futbolçular olub.
Təbii ki, belə bir vəziyyətdən tək çıxış yolu var.
O da ardıcıl qələbələr, keyfiyyətli futbol.
Yalnız azarkeşlərin gözləntilərinə cavab verən komanda oyunu tribunaları yenidən doldura bilər.
Ancaq hazırkı “Turan Tovuz” nə nəticələri, nə də nümayiş etdirdiyi futbolla bunu bacarır.
XANOĞLAN/ SPORTİNFO.AZ
