“Heç bir oyunda aciz görünməyəcəyik” – Səhvini etiraf etdi

9 Sentyabr 20:00 Müsahibə 89
“Heç bir oyunda aciz görünməyəcəyik” – Səhvini etiraf etdi

Nicat Mehbalıyev “Neftçi” – “Şəfa” qarşılaşmasının qəhrəmanı ola bilərdi.

25 yaşlı qapıçı bir neçə epizodda komandasını qoldan xilas etsə də, buraxılan ikinci qolda kobud səhvə yol verməklə komandasını “sındırdı”.

Sportinfo.az-a müsahibə verən keçmiş “Sabah”lı sualları cavablandırıb.

- Hesab oyuna görə oldu?

- “Neftçi”nin gücü hər kəsə bəllidir. Buna baxmayaraq, əzmkarlıq göstərdiyimizi düşünürəm. Buraxdığımız səhvlərin ucbatından uduzduq. Səhvlər futbolun bir hissəsidir. Yol verdiyimiz səhvlərdən nəticə çıxarmalıyıq ki, bir də təkrarlanmasın.

- Yol verilən səhvlərin içində öz səhvlərini də görürsən?

- Bəli, ikinci qolda texniki səhvim var idi. Yenə deyirəm, səhvlər futbolun bir hissəsidir.

- Həmin qolu “Şəfa” üçün oyunun qırılma nöqtəsi saymaq olar? Sanki həmin qoldan sonra komandan ruhdan düşdü.

- Ola bilsin ki, səhv məndən başladı. Çempionat yeni başlayıb, yolumuza davam etməliyik.

- “Neftçi”nin adı istənilən komanda üçün motivasiyadır” deyirlər. Bu oyuna necə motivasiya olmuşdunuz?

- “Neftçi”nin adı, tarixi və qarşısında duran hədəf hər kəsə məlumdur. Biz isə debütant komandayıq. Bizi bu gün nələrin gözlədiyini yaxşı bilirdik. Buna baxmayaraq, çəkinmədik, əzmkar mübarizə apardıq. Qarşıda uzun marafon var.

- Uzun marafonda “Şəfa”dan nə gözləmək olar?

- Heç bir rəqiblə oyunda aciz görünməyəcəyik. Rəqib güclüdür deyə, qollarımızı yana salmaq fikrimiz yoxdur. Çalışacağıq hər oyunda qələbə qazanaq. Məqsədiimiz budur.

- Zaur Həşimov səni futbola qaytarmaq üçün çalışdıqlarını bildirib. Son illərdə “Sabah”da ehtiyatda qaldığına işarə vurub. Nə dərəcədə alınır?

- Baş məşqçimizdən hər imkanda dəstək hiss edirəm. Buna görə ona öz təşəkkürümü bildirirəm. İstər məşqlərdə, istərsə də ikili söhbətlərdə özümə qarşı dəstək görürəm. Əlimdən gələni edəcəyəm ki, Zaur müəllimin etimadını doğruldum.

- Qapıçı daim oynamalıdır ki, “çərçivə”ni hiss edə bilsin. Psixoloji baxımdan nə dərəcədə formaya düşə bilirsən?

- Psixoloji və fiziki baxımdan hazır olmadığımı deyə bilmərəm. 25-26 yaşım var, düzdür, son illərdə az şans qazanmışam, sabitlik olmayıb. Ancaq çalışıram ki, “Şəfa”da sabitlik göstərməklə daha yaxşı komandalara keçim.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 23:40 Bu da o qollar - VİDEO