9-cu turun diqqətçəkən qarşılaşmalarından biri Qəbələdə keçiriləcək. Meydan sahibləri “Araz-Naxçıvan”ı qəbul edəcək.
Bəlkə də, komandaların adları o qədər də səs-küylü səslənmir. Nə “Qəbələ”, nə də “Araz-Naxçıvan” avrokuboklara vəsiqə uğrunda mübarizə aparır. Amma onların da öz hədəfi var – Premyer Liqada yerini qorumaq.
Bu baxımdan Qəbələdəki qarşılaşmaya “uğursuzların dueli” adını vermək olar.
Çempionatda 8 tur geridə qalsa da, “Araz-Naxçıvan” hələ də qələbə qazana bilməyib. Qəbələlilər isə yalnız bir dəfə sevinib. Dördüncü turda İmişlini 2:1 hesabı ilə məğlub edən bölgə təmsilçisi sonrakı nəticələrlə azarkeşlərini məyus edib. Üstəlik, hər iki komanda son 3 matçın hamısını məğlubiyyətlə başa vurub.
Turnir cədvəli də vəziyyətin nə qədər gərgin olduğunu göstərir. “Qəbələ” 8 turdan sonra 4 xalla 10-cu pillədə qərarlaşıbsa, cəmi 2 xal toplayan naxçıvanlılar sonuncu yerdədir.
Məhz buna görə qarşılaşmanın əhəmiyyəti təkcə 3 xalla məhdudlaşmır. “Qəbələ” qələbə qazanacağı təqdirdə xallarının sayını 7 çatdıracaq və sonuncu pillədən 5 xal uzaqlaşacaq.
Yox, 3 xal “Araz-Naxçıvan”a qismət olsa, turnir cədvəlində vəziyyət gərginləşəcək. Naxçıvan təmsilçisi sonuncu pillədən qurtulacaq, “Qəbələ” isə sonuncu yerə yuvarlanmaq təhlükəsi ilə üz-üzə qalacaq.
Qarşılaşmanın diqqətçəkən simalarından biri də “Araz-Naxçıvan”ın yeni baş məşqçisi Yuri Maksimovdur.
Qəbələ Yuri Maksimovun məşqçilik karyerasında uğurlu şəhərlərdən biridir. O, 2017/18 mövsümündə “Keşlə”yə rəhbərlik etdiyi vaxt Azərbaycan Kubokunun finalında məhz Qəbələdə yerli komanda ilə üz-üzə gəlib.
Həmin qarşılaşmada Pərdic Fərcad-Azadın vurduğu yeganə qol “Keşlə”yə 1:0 hesablı qələbə qazandırıb və Maksimovun komandası kuboku başı üzərinə qaldırıb.
Üstündən 8 il keçib. İndi ukraynalı mütəxəssis Qəbələyə fərqli missiya ilə qayıdır – qələbə qazanıb sonuncu pillədən qurtulmaq. Görəsən, onun üçün doğma xatirələrlə bağlı olan bu şəhərdə yeni uğurun təməli qoyulacaq, yoxsa uğursuzluq zolağı davam edəcək?
Turun açılış oyununda bütün diqqətlər Qəbələdə olacaq. Ümid edək ki, azarkeşlər gərgin, maraqlı idman mübarizəsinə şahidlik edəcəklər.
Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Araz-Naxçıvan” qarşılaşması oktyabrın 23-də saat 15:00-da başlayacaq.
HƏBİB
