Siyahıda onun da adı var - Millimizi dünya çempionatına kimlər aparır?

16:00 Milli komanda 225
Siyahıda onun da adı var - Millimizi dünya çempionatına kimlər aparır?

FIFA U-15 dünya çempionatı və Festivalında Azərbaycanı təmsil edəcək millinin məşqçilər korpusu müəyyənləşib.

Komandanın hazırlıq prosesinə Famil Xəlilov rəhbərlik edəcək.

Mütəxəssislər heyətində köməkçi məşqçilər, qapıçılar üzrə məşqçi, analitik və fiziki hazırlıq üzrə məşqçi yer alıblar.

Famil Xəlilov Azərbaycan futbolunda, xüsusilə aşağı yaş qrupları üzrə futbolçuların inkişafı sahəsində təcrübəli mütəxəssislərdən biridir.

O, 2008-ci ildən “Qəbələ” Futbol Akademiyasında fəaliyyət göstərib, müxtəlif yaş qrupları ilə çalışıb və gənc futbolçuların yetişdirilməsində iştirak edib.

Xəlilovun rəhbərlik etdiyi “Qəbələ” U-19 komandası 2017/2018 mövsümündə AFFA Gənclər Liqasının qalibi olub və UEFA Gənclər Liqasında iştirak etmək hüququ qazanıb.

O, Azərbaycan millisində aşağı yaş qrupları üzrə də çalışıb və hazırda komandanın baş məşqçisi kimi fəaliyyət göstərir.

Köməkçi məşqçilər Qara Qarayev və Emin İmaməliyevdir. Qara Qarayev Azərbaycan futbolunun tanınmış yarımmüdafiəçilərindən biridir.

Peşəkar futbolçu karyerasının böyük hissəsini “Qarabağ”da keçirib, daha sonra “Neftçi” və “Araz-Naxçıvan” klublarında çıxış edib. Qarayev “Qarabağ”ın heyətində 400-dən çox rəsmi oyunda meydana çıxıb, Azərbaycan milli komandasının formasını isə 77 dəfə geyinib.

Futbolçu karyerasını başa vurduqdan sonra o, məşqçilik və analitika istiqamətində fəaliyyətə başlayıb. Qarayevin futbolçu kimi qazandığı təcrübənin və oyunu dərindən anlamasının gənc futbolçuların inkişafına töhfə verəcəyi gözlənilir.

Emin İmaməliyev Azərbaycan futbolunun keçmiş futbolçularından və məşqçilərindən biridir. Yarımmüdafiəçi mövqeyində çıxış edib,

“Şəfa”, “Qarabağ”, “Bakı”, “İnter” və digər klublarda oynayıb. İmaməliyev Azərbaycan milli komandasının heyətində də çıxış edib.

Futbolçu karyerasından sonra məşqçilik fəaliyyətinə başlayan mütəxəssis “Qəbələ”nin aşağı yaş qruplarında, o cümlədən U-19 komandasında çalışıb.

Onun futbol təcrübəsi və gənc oyunçularla iş bacarığı milli komandanın hazırlıq prosesində mühüm əhəmiyyət daşıyır.

Elşən Poladov qapıçılar üzrə məşqçi, futbolçu karyerası ərzində qapıçı mövqeyində çıxış edib və Azərbaycan çempionatının müxtəlif klublarında oynayıb. “Bakı” və “İnter” klubları ilə Azərbaycan çempionu, “Şəfa” və “Bakı” ilə ölkə kubokunun qalibi olub.

2017-ci ildə futbolçu karyerasını başa vurduqdan sonra məşqçiliyə başlayan Poladov “Sumqayıt”ın U-16 və U-17 komandalarında, eləcə də digər futbol strukturlarında qapıçılar üzrə məşqçi kimi çalışıb. Onun əsas vəzifəsi qapıçıların texniki, taktiki və fiziki hazırlığının inkişaf etdirilməsi, oyunlara hazırlanması və fərdi göstəricilərinin yüksəldilməsidir.

Turxan Ümüdlü milli komandanın analitikidir. Onun fəaliyyət istiqaməti komandanın oyunlarının və məşq prosesinin təhlili, rəqiblərin oyun xüsusiyyətlərinin araşdırılması və məşqçilər heyətinin qərarlarının dəstəklənməsidir.

Müasir futbolda analitik iş oyunçuların fərdi və kollektiv performansının qiymətləndirilməsinə, taktiki səhvlərin müəyyənləşdirilməsinə və qarşıdakı oyunlar üçün daha səmərəli hazırlıq planının qurulmasına kömək edir.

Millinin futbolçularının fiziki hazırlığı, performans göstəricilərinin inkişafı və məşq yüklərinin idarə olunmasına Tural Lətifov başçılıq edəcək. Lətifov ixtisaslaşmış mütəxəssisdir.

O, daha əvvəl MOİK, “Difai Ağsu” və “Neftçi” PFK-nın futbol akademiyasında çalışıb, sonrakı mərhələdə isə “Sabah” Futbol Akademiyasında fiziki hazırlıq üzrə məşqçi kimi fəaliyyət göstərib.

Həmçinin Monteneqroda və Serbiyanın tanınmış “Crvena Zvezda” klubunda təcrübə proqramlarında iştirak edərək beynəlxalq təcrübəsini artırıb.

Lətifov UEFA C məşqçilik lisenziyasına və Rusiya Futbol İttifaqının (RFS) Fitness C sertifikatına malikdir.

Onun əsas fəaliyyət istiqamətlərinə futbolçuların sürət, güc və dözümlülük göstəricilərinin inkişafı, məşq yüklərinin monitorinqi, performans analizləri və müasir idman elminə əsaslanan fiziki hazırlıq metodlarının tətbiqi daxildir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti