“Azərbaycanda klubların pulu çoxdur” - Burada qalmaq istəyən əcnəbi

23 May 2023 20:40 Müsahibə 1 096
“Azərbaycanda klubların pulu çoxdur” - Burada qalmaq istəyən əcnəbi

“Kəpəz”in legioneri Georgi Kantariya Sportinfo.az-a müsahibə verib.

Gəncəli azarkeşlərin sevimli futbolçularından olan gürcü futbolçu “Neftçi”yə məğlub olduqları oyunu dəyərləndirəndən sonra özü və komandası ilə bağlı sualları cavablandırıb.

- Bu cür məğlubiyyət komandanızın planına daxil idi?

- “Neftçi” çox yaxşı komandadır. Bizim üçün çətin olacağını bilirdik və belə də oldu. Sürətli və keyfiyyətli futbolçulara sahibdirlər. Məqsədimiz qalib gəlmək idi. Bunun üçün əlimizdən gələni etsək də, sona yaxın buraxdığımız qollar istəyimizə mane oldu. Diqqətsiz davrandıq, rəqib də istəyinə çatdı.

- Hesabda öndə olduğunuz dəqiqələrdə meydanı qalib tərk edəcəyinizə dair inam var idi?

- Müasir futbolda ad rol oynamır. Rəqib hər nə qədər güclü olsa da, ağıllı oynayan və sona qədər tab gətirə bilən komanda qalib gəlir. Ona görə də “Neftçi”nin adı şəxsən məni narahat etmirdi. Fikrimcə, son 15-20 dəqiqəyə qədər layiqli futbol oynayırdıq. Vurduğum qoldan yox, hətta 1:1-dən sonra da qələbə qazanacağımıza inanırdım.

- Yaxın dostun və həmyerlin Mate Kvirkviya matçı zədə səbəbindən kənardan izləyirdi. Yeri görünürdü?

- Mate bacarıqlı və sürətli futbolçudur. İndiyə qədər bir çox oyunlarda nəticəyə təsir edən qol və ötürmələrlə yadda qalıb. Əsas heyətin aparıcı üzvlərindəndir. Açığı, yeri görünürdü. Ancaq onu əvəz edən futbolçular da əlindən gələnin ən yaxşısını etdi. Ehtiyatda qalan oyunçular özlərini göstərmək üçün şans axtarır. Mənə elə gəlir ki, bu oyun onlar üçün yaxşı imkan idi.

- Rəqiblərinizi Gəncədə qəbul etmək futbolçulara necə təsir edir?

- Mövcud vəziyyət tək bizə yox, istənilən komandaya çətinlik yaradar. Amma bizim üçün ikiqat çətindir. Gəncədə futbolun necə sevildiyini və azarkeşlərin ev matçlarında bizə necə dəstək verdiyini məndən yaxşı bilirsiz. Gəncəyə səfər etmək adından asılı olmayaraq hər bir komanda üçün problemdir. Qəbələ gözəl yerdir, buradakı meydançaların vəziyyəti göz qabağındadır. Ancaq dağlıq bölgədir, hündürlük var. Belə olduqda isə 90 dəqiqə top dalınca qaçmaq, rahat nəfəs almaq çətinləşir. Artıq neçə vaxtdır bütün oyunlarımızı səfərdə oynayırıq. Düzünü desək, ev oyunlarını Qəbələdə keçirmək səfərdə çıxış etmək kimidir. Amma nə etməli, bugünkü şərait budur.

- Rəhbərliklə yeni mövsümlə bağlı görüşün, söhbətin olub?

- Xeyr, heç kimlə danışmamışam. Hələ ki, səssizlikdir. Çünki sabah nə olacağını heç kim bilmir.

- Eyni anda Azərbaycan və Gürcüstan komandalarından təklif alsan, seçimin necə olacaq?

- Açıq danışaq, bu gün Azərbaycan Premyer Liqası Gürcüstan çempionatını üstələyir. Səbəbi hər kəsə məlumdur. Ölkəmizlə müqayisədə burada futbola daha çox maliyyə ayrılır. Maliyyə isə yaxşı şərait və keyfiyyət deməkdir. Düzdür, federasiya prezidenti Gürcüstanda futbolun və çempionatın keyfiyyətinin artması üçün əlindən gələni edir. Lakin indiki anda Azərbaycan birinciliyi daha maraqlı və intriqalıdır. İstənilən futbolçu daha güclü çempionatda, daha güclü futbolçulara və komandalara qarşı oynamaq istəyir.

- Gürcüstan və Azərbaycan çempionatları arasında fərq aşkar şəkildə böyükdür?

- Söhbət sırf çempionatların müqayisəsindən gedirsə, açıq-aşkar fərq olduğunu deməzdim. Gürcüstanda da maraqlı mübarizə gedir, keyfiyyətli futbolçular var. Az öncə dediyim kimi, Azərbaycanda pul çoxdur deyə, arada istər-istəməz müəyyən fərq görünür. Ölkəmizin maddi durumu yaxşı olsa, futbola da böyük sərmayə yatırırlar. Klublara sponsor tapmaq çox çətindir. Azərbaycan klublarının bu baxımdan işi rahatdır.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu