“Sabah”ın Çempionlar Liqasının əsas mərhələsində rəqiblərindən olan “Arsenal”ın və Norveç millisinin yarımmüdafiəçisi Martin Odeqar uzunmüddətli beynəlxalq fasilə ilə bağlı fikirlərini bölüşüb.
FİFA 2026-cı ildə sentyabr və oktyabr aylarında milli komandaların keçirəcəyi matçları bir oyun pəncərəsində birləşdirmək qərarına gəlib.
Sportinfo.az “Arsenal Radar”-a istinadən xəbər verir ki, norveçli futbolçu bu formatın heyət dərinliyi geniş olan aparıcı milli komandalar üçün daha əlverişli olduğunu bildirib:
“Klub mövsümü davam edərkən bu qədər uzun müddət millidə qalmaq qeyri-adi idi. Düşünürəm ki, belə fasilə heyətində geniş seçim imkanları olan aparıcı milli komandalar üçün daha uyğundur.
Kiçik komandaların imkanları məhduddur və qısa müddətdə çoxlu oyun keçirməli olurlar. Bu formata alışmaq üçün bizə vaxt lazım olacaq”.
Odeqar beynəlxalq fasilə zamanı Norveç millisinin keçirdiyi dörd oyunun hamısında sona qədər meydanda olub. Norveç yığması cəmi bir qələbə qazanıb, üç dəfə isə məğlub olub.
