Qadın həndbolçulardan ibarət "Kür" komandası EHF Avropa Kubokunun II təsnifat mərhələsində Kiprin APOEL komandası üzərində asan qələbə qazanacağını düşünməyib.
Sportinfo.az xəbər verir ki, bunu "Kür" komandasının üzvü Səkinə Musayeva bildirib.
O, APOEL üzərində 39:13 hesablı qələbə qazandıqları cavab oyunundan sonra fikirlərini bölüşüb.
"Rəqibi təhlil etmişdik. Asan qələbə qazanacağımızı düşünmürdük. Meydanda sonadək mübarizə apardıq.
Hər oyunda mübarizə aparmaq lazımdır. Rəqibin güclü və ya zəif olmasının fərqi yoxdur. Hər zaman öz oyunumuzu göstərməliyik", – həndbolçu deyib.
S.Musayeva növbəti rəqiblə qarşılaşmanı səbirsizliklə gözlədiklərini bildirib.
"Növbəti rəqibimizi gözləyirik. Qarşılaşacağımız komanda müəyyənləşəndən sonra onun haqqında fikir bildirə bilərik. Həmin mərhələdə də azarkeşlərimizi sevindirməyə çalışacağıq", – o əlavə edib.
"Kür" komandası ötən gün eyni arenada keçirilən ilk oyunda da APOEL-i 40:18 hesabı ilə məğlub edib.
Beləliklə, Azərbaycan təmsilçisi EHF Avropa Kubokunun III təsnifat mərhələsinə vəsiqə qazanıb. Komandanın növbəti mərhələdəki rəqibi oktyabrın 13-də müəyyənləşəcək.
