Filipe Kandido Azərbaycanda keçirdiyi altıncı matçda ilk qələbəsini «Qəbələ» üzərində qazandı.
Maraqlı, sürətli, təhlükəli epizod sayı sarıdan rəngli bir oyun oldu.
90 dəqiqə 4:1 qurtardı. Hesab hər şeyi deməsə də, çox şey deyir.
Əslində, bu, gecikmiş qələbədir. Kandido bu hisslə daha öncə tanış olmalı idi.
«Sumqayıt» sezonun əvvəlindən bəri pis futbol oynamır. Kim bəyənrmir, özü bilər. Mən bəyənirəm və bu komandanın potensialının normal olması qənaətindəyəm.
«Sumqayıt» əvvəlki 7 ev oyununun heç birində «Qəbələ»yə uduzmamışdı. Budəfəki 4:1-lə yeni cığır açdılar.
Portuqaliyalı baş məşqçi əsas heyətə yalnız 1 azərbaycanlını daxil etmişdi. Dördünü də sonrakı müddətdə meydana buraxdı.
Bəndəniz Kandidonun yalnız bu qərarından narahatdır. Sumqayıt kimi futbol şəhərinin komandasının yerli oyunçu baxımdan belə korluq çəkməsi mənə həm çatır, həm çatmır.
Fabrik kimi çalışan o məktəb hanı bəs?
«Mehdi Hüseynzadə» ölkənin ən böyük, ən qəşəng 3-5 stadionundan biridir. «Sumqayıt» bu şəhərdə 1000 nəfərin gözü qabağında futbol oynamamalıdır.
Tribunalar ağzınadək dolmalıdır. Sumqayıtlı bu stadiona gəlməlidir, komandanı dəstəkləməlidir. Bunu etməyəndən sonra umu-küsü etməyə haqları da çatmır.
Baxsınlar Gəncəyə, gəncəli azarkeşə, bir az nümunə götürsünlər. «Kəpəz» udanda da, uduzanda da o stadion dolur.
«Sumqayıt» Sumqayıtın tək komandasıdır, ona bu gün də sabah çıxmayacaqlarsa, sosial şəbəkələrdə vay-şüvən salmaq yersizdir, heç kim ciddiyə almayacaq.
MUSA
