"Şamaxı” adı altında oynayıb, çempionatımıza rəng qatmağa çalışacağıq"

11 Noyabr 2021 22:20 Şamaxı 804
"Şamaxı” adı altında oynayıb, çempionatımıza rəng qatmağa çalışacağıq"

“Belə bir qərarın verilməsinə hörmətlə yanaşırıq.

Bölgələrdə futbolun olması və ordakı azarkeşlərin adına xoş haldır”.

“Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Sportinfo.az-a AFFA-nın saytı vasitəsi ilə ictimaiyyətə çatdırılan məlumat haqda danışıb.

Assosiasiya tərəfindən klub rəhbərliyinə “Şamaxı” adı altında eyniadlı şəhəri təmsil etmək təklif olunub və aparılan müzakirələrdən sonra təklifə isti yanaşılıb.

Bundan sonra, dəqiq desək, 2022-ci ildən “Keşlə” FK-nın adı dəyişdirilərək “Şamaxı” Futbol Klubu adlandırılması və ev oyunlarını bir neçə gün əvvəl istifadəyə verilmiş Şamaxı şəhər stadionunda keçirilməsi qərara alınıb.

Qurbanov verilən qərarı müsbət qarşıladığını bildirib, bunun üçün əsaslar gətirdi:

“Razılaşaq ki, hər birimizin ən böyük arzusu bölgələrdə böyük futbolun olmasıdır. Bu, futbolun inkişafına da ciddi təkan verə bilər.

2022-ci ildən “Şamaxı” adı altında oynayıb, çempionatımıza rəng qatmağa çalışacağıq. Əsas işimiz Şamaxıdakı futbolsevərləri stadionlara cəlb etmək, onların sevgisini qazanıb, sevindirməkdir.

İnşallah, əlimizdən gələnin ən yaxşısını edəcəyik. Bölgələrdə azarkeş dəstəyi bir başqa olur. Bu amil də bizim üçün üstünlük olacaq”.

Noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, eləcə də, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Şamaxı şəhər stadionunun açılışında iştirak ediblər.

2200 azarkeş tutumu olan Şamaxı şəhər stadionu UEFA-nın ikinci kateqoriyalı sertifikatına malik olacaq. Bu isə stadionda beynəlxalq oyunların keçirilməsi üçün bütün imkanların olmasından qaynaqlanır.

UEFA klub yarışlarının 1-ci, 2-ci və 3-cü təsnifat mərhələsinin, eyni zamanda, milli komandadan başqa, bütün yaş qruplarına aid milli komandaların oyunları bu stadionda keçirilə bilər.

Bu stadionun inşası üçün maliyyə vəsaitinin 87 faizi UEFA, 13 faizi isə AFFA tərəfindən təmin olunub.

Stadionun ərazisindəki idman kompleksində cüdo və güləş növləri ilə məşğul olmaq üçün zal, həmçinin fitnes-zalı inşa edilib.

Bundan əlavə, stadionun ərazisində süni örtüklü iki minimeydança yaradılıb və bu meydançaların 300 nəfər azarkeş tutumuna malik tribunası var.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti