“Büdcəmiz buna uyğun deyil, məsələ artıq bağlanıb"

24 Yanvar 2023 17:00 Kəpəz 693
“Büdcəmiz buna uyğun deyil, məsələ artıq bağlanıb"

"Fasilədən sonra çempionatdakı ilk matçın ağır keçəcəyini bilirdim.

Dörd əsas futbolçumuz yox idi. Bu, bizim üçün problem idi".

Sportinfo.az xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov "Qəbələ" ilə 2:2 hesablı heç-heçə etdikləri Premyer Liqanın XIX tur oyunundan sonra mətbuat konfransında deyib.

52 yaşlı mütəxəssis iki fərqli hissə izlədiklərini bildirib:

"İkinci yarıda komanda hesabı qorumağa çalışdı, amma tapşırıq tamam başqa idi. Səhvlərin hesabına öndə olduğumuz oyunu əldən verdik. Buna baxmayaraq, 1 xal qazandıq. Nəticəni ədalətli hesab edirəm".

Əhmədov cari mövsüm hədəfləri barədə də danışıb:

"6-7-ci yer uğrunda mübarizə aparmağı qarşımıza məqsəd qoymuşuq. Birinci dövrədən daha çox xal qazana bilərik.

Yeni komandadan çox şey tələb etmək olmur. Cavan oyunçularımız var. Komandada həyəcan olduğu hiss edilir. İndi də də bu problemi yaşadıq.

Komanda daha əvvəlki görüşlərdə vacib xallar itirməsəydi, başqa pillədə ola bilərdik. "Kəpəz" azarkeşləri hər zaman uğur tələb edirlər".

Baş məşqçi xorvatiyalı qapıçı Mario Mustapiçin çıxışı haqqında da danışıb:

"O, Antalyadakı toplanışda özünü yüksək səviyyədə göstərdi. Orxan Sadıqlı ağır xəstəlik keçirdiyi üçün hazırlıq prosesinə qatılmamışdı.

Buna görə öz formasından uzaqdır. Xəstəlikdən sonra əvəzedici heyətlə məşq edib. Orxanın oyun praktikası hazırda azdır".

Mütəxəssis iki mövqeyə transfer istədiklərini sözlərinə əlavə edib:

"Amma bizim büdcəmiz buna uyğun deyil. Düşünürəm ki, bu məsələ artıq bağlanıb".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!