Minimum üç legioner tapacaq və transfer edəcəksən, yoxsa...

09:50 Kəpəz 140
Minimum üç legioner tapacaq və transfer edəcəksən, yoxsa...

Yaxşı deyiblər, nə tökərsən aşına, o da çıxar qaşığına.
Mən demirəm ki, Azər Məmmədov pis məşqçidir, elədir, belədir. Bəlkə də bir neçə ildən sonra ölkənin ən yaxşılarından oldu, sevildi, seçildi.
Amma bu gün…
Yəqin edirəm ki, o, «Kəpəz»in yeni rəhbərliyinin bu gün üçün ilk seçimi olmayıb. Son seçimi olub. Başqaları razılıq vermədiyinə görə məcbur qalıb komandanı ona tapşırıblar. Sərəncamındakı heyət də Premyer Liqanın iki zəifindən biridir.
Məmmədovun «Kəpəz»i onun kimi ikinci zəifə - «Şamaxı»ya uduzur. Özü də Gəncədə, doğma azarkeşin gözü önündə. Və özü də böyük hesabla.
1:4 hesablı məğlubiyyət «Kəpəz»in zirvəsində əyləşənləri qayğılandırmalı və narahat etməlidir. Bu komanda 15 min tərəfdarın önünə çıxarılası deyil. Bu komanda ilə uzaqbaşı, 5 nəfərin önünə çıxarsan, bitər məsələ.
Gəncə böyük futbol şəhəridir - təpədən-dırnağa. «Kəpəz» Gəncədə oynayırsa, nə oynadığını, nə istədiyini bilməlidir. Adını da xatırlamıram, soyadı Abubakar olan o hücumçu ilə bol-bol qol sevinci yaşayacağına ümid edirsənsə, vay halına, əlin üzündə qalacaq! Dioqo Verdaşka ilə müdafiə xəttini beton sayacaqsansa, daim xəcalətli olacaqsan.
Yığışacaqsan və yığışdıracaqsan. Pul tapacaqsan və xərcləyəcəksən. Minimum üç legioner tapacaqsan və transfer edəcəksən. Əksi olsa, o stadiona toplaşan azarkeşlərin sayı 15 mindən sürətlə aşağı düşəcək, bir də baxacaqsan ki, tək-tənha qalmısan.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!