Yenilənmiş Gəncə şəhər stadionu qapılarını futbolsevərlərin üzünə açdı.
Açığı, yenilənmiş arenada o cür izdihamın yaşanacağını gözləmirdim. Belə olacağını bilsəydim, şəxsi işlərimi kənara qoyub bazar günü özünü Gəncəyə çatdırardım.
Elə bil, əvvəldən hazırlanmış ssenari idi. İstər komandaların sərgilədiyi oyun, istər yaradılan qol imkanları, istərsə də vurulan baxımlı qol. Sanki stadionun açılışına özəl olaraq planlaşdırılmışdı. Yəni o dərəcədə gözəl görüntülər qeydə alındı.
Açığı, Gəncəki stadiona sonuncu dəfə 13500 azarkeşin gəldiyi günü dəqiq xatırlamıram. Zənnimin yalançısı deyilsəmsə, 7-8 il əvvəl “Qarabağ”la qarşılaşmada 20 mindən artıq azarkeş toplaşmışdı. “Kəpəz”in uzun müddət doğma şəhərdən uzaq düşməsi və Premyer Liqada qalmaq uğrunda mübarizə aparması azarkeşləri küsdürmüşdü.
Buna baxmayaraq, ürəyi futbolla döyünən azarkeşlər umu-künüsü kənara qoyub həm yenilənmiş stadionu görmək, həm də qərb derbisində “Kəpəz”ə dəstək vermək üçün ayaqlarına əziyyət vermişdi. Sevilmi komandaları da onların ümidini puç etmədən cari mövsümdə ilk qələbəsini qazanmaqla gələcək adına ümid verdi.
Hələ mən kameralar üçün seçilmiş yerlərin, videoçəkilişin, meydanın kənarındakı reklam lövhələrinin oyuna verdiyi gözəlliyi demirəm. İ
llərdir qaçış zolaqları ilə əhatə olunmuş Bakı Olimpiya Stadionu ilə Tofiq Bəhramov adına stadionda oyuna baxmaqdan gözlərimizin “nuru tökülüb”. Sanki çəkiliş başqa planetdən aparılırmış effektini verən görüntülər adamları boğaza yığmışdı.
“Zirə”nin, “Sabah”ın, “Neftçi”nin stadionlarının da çəkiliş mənasında Avropa görüntüsü yaratmadığı hər kəsə məlumdur. Azarkeş dəstəyi hiss olunan, tribunaları göz oxşayan Tovuzdakı stadiondur ki, orada da çəkiliş üçün düz-əməlli mövqe seçilməyib. Televizorda baxanda günəş şüasından topu tapmaq üçün lupaya ehtiyac duyursan.
Zaman-zaman İngiltərə Premyer Liqasını izləyəndə düşünürdüm, görəsən, bizdə də nə vaxtsa bu cür dizayn, çəkiliş, azarkeş, akustika olacaq, ya yox?
Axır ki, oldu. Tam bir Britaniya ab-havasında. Həm də paytaxt Bakıda yox, qərbin “döyünən ürəyi” Gəncədə.
Buna görə dövlət başçısına, stadionu inşa edənlərə, televizor qarşısında əyləşənləri düşünənlərə və təbii ki, arenanı dolduran azarkeşlərə dərin təşəkkür payı düşür.
HƏBİB / SPORTİNFO.AZ
