Dünən Ukraynanın paytaxtı Kiyevdə və Kiyev vilayətində partlayışlar baş verib.
Bununla yanaşı, ölkənin Sumı və Odessa vilayətlərində də partlayışların baş verdiyi qeyd olunur.
Ümumilikdə isə Ukraynanın bütün vilayətlərində hava hücumu təhlükəsi elan olunub. Zərbələr nəticəsində bir neçə yaşayış binası dağılıb. Xəsarət alanların sayı onlarladır.
Ukraynanın yunan-Roma güləş millisinin aparıcı üzvü Pərviz Nəsibov Sportinfo.az-a bildirib ki, raket hücumu daha yerli əhalini qorxutmur.
Tokio Olimpiadasının gümüş medalçısı olan həmyerlimiz artıq ailəsinin də Azərbaycandan geri qayıtdığını bildirib:
«Hamı öz iş-gücündədir. Elə bizim ailə də. Onlar bir müddət əvvələ kimi Azərbaycanda idi.
Neçə ay orada qaldılar. Daha sonra Ukraynaya qayıtmaq qərarına gəldilər. Kiyev xeyli müddət idi vurulmurdu.
Ukrayna ordusu Xersonu işğaldan azad edəndən sonra ruslar təkrar Kiyevi raket atəşinə tutmağa başlayıb. İndi tək Kiyevi vurmurlar.
Demək olar Ukraynanın bütün şəhərlərinə artilleriya zərbələri endirirlər. Burada hamı artıq hava hücumlarına öyrəşib.
Gündəlik həyat adi qaydada davam edir. Kimlər əvvəllər çıxıb getmişdisə, bir çoxu yavaş-yavaş geri qayıtmağa başlayıb.
İndi mən özüm təlim-məşq toplanışında iştirak edirəm. Məşqlərə ara vermirik. Günorta saatlarında uşaqlarla şəhərdə gəzintiyə çıxmışdıq.
Rusların atdığı raketlərin göydə necə uçduğunu gördüm. Qəribə mənzərədir, amma neyləmək olar, müharibə belədir».

