Azərbaycan millisinin futbolçusu Toral Bayramov cari mövsüm ilk dəfə “Bursaspor”un heyətində 90 dəqiqə meydanda qalıb.
Sportinfo.az xəbər verir ki, 25 yaşlı müdafiəçi Türkiyə I Liqasının 13-cü turunda “Bandırmaspor”la görüşdə başdan sona qədər komandasına kömək edib.
Bursa təmsilçisinin 3:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada Bayramov ilk qolun məhsuldar ötürməsini verib.
Bursalı futbol ekspertləri matçın ən yaxşılarından biri hesab etdiyi Bayramovun performansını yüksək qiymətləndiriblər.
Onun beynəlxalq təcrübəsini də nəzərə alan mütəxəssislərin fikrincə, Toral çox oyun şansı əldə etdikcə “Bursaspor”un çempionluq yolundakı şansı da artacaq.
“Bayramov komandaya uyğunlaşmaqda çətinlik çəkdi. Bu üzdən mövsümün indiki dönəminə qədər qeyri-stabil göründü.
Lakin “Bandırmaspor”la oyun onun əsl səviyyəsini üzə çıxarmasına kömək oldu. Toralın performansı bu mövsüm “Bursaspor”a çox kömək edə bilər.
Çünki onun zəngin təcrübəsi var. Məşqçilər korpusu bundan lazımınca yararlanmalıdır. Əlində bu cür oyunçu varsa, maksimum faydalanmalısan”, – deyə bildirilib.
“Bursaspor” hazırda 31 xalla turnir cədvəlinə başçılıq edir.
