“Sabah” Norveçdə azarkeş dəstəyindən məhrum qalmadı.
Azərbaycan çempionu səfərdə çoxsaylı həmyerlilərimizin dəstəyini hiss etdi.
Təxminən 300 azarkeş 90 dəqiqə ərzində “bayquşlar”a dəstək nümayiş etdirdi.
Lakin fanatlar oyundan sonra arenanı məyus halda tərk ediblər.
Narazılıq təkcə böyükhesablı məğlubiyyətlə (1:4) bağlı olmayıb.
Azarkeşləri futbolçuların onlara münasibəti də incidib.
Belə ki, final fitindən sonra komanda üzvlərinin əksəriyyəti azarkeşlərin toplandığı tribunaya yaxınlaşmaq əvəzinə birbaşa paltardəyişmə otağına yollanıb.
Milli komandamızın və klublarımızın xarici səfərlərində əsas
dəstəkçisi olan “Milli Dəstə” sosial şəbəkə hesabında paylaşdığı postda futbolçuların davranışına etirazını bildirib:
"Hər matçdan sonra bütün oyunçuların azarkeşlərə gəlib təşəkkür etməsi onların borcudur! Qeyd-şərtsiz! Bunu hər dəfə xatırlatmaq lazımdır?!
300 azarkeş gəlmişdi, oyundan sonra amma cəmi 4-5 oyunçu və məşqçi gəlib təşəkkür elədi. Oyundan sonra bir çox oyunçuya iradımı bildirdim. Məşqçi ilə imkan olmadı danışmağa.
Növbəti matçdan öncə yenə xatırladacam. Bu məsələ hər bir oyunçuya çatdırılmalıdır və nəticədən asılı olmayaraq necə ki, biz 90 dəqiqə tribunada qalıb dəstək oluruq, oyunçular da buna qarşılıq verməlidir".
XANOĞLAN/ SPORTİNFO.AZ
