İtaliyanın B seriyası təmsilçisi “Sampdoriya”da çıxış edən Azərbaycan U-21 millisinin futbolçusu Lorenzo Mezzotero yerli mətbuatın diqqət mərkəzinə düşüb.
Sportinfo.az xəbər verir ki, “Il Secolo XIX” saytında 18 yaşlı hücumçunun karyerası və gələcək perspektivləri haqqında geniş məqalə dərc olunub.
Jurnalist Fabio Marsiglianın yazısında Mezzoteronun “Virtus Entella” ilə Liquriya derbisindəki çıxışı xüsusi vurğulanıb.
“Sampdoriya”nın 2:0 hesabı ilə qalib gəldiyi görüşdə zədələnən Verşarenin əvəzinə ilk hissənin 15-ci dəqiqəsində meydana daxil olan futbolçu komandasının ikinci qolunu vurub.
Məqalədə bildirilir ki, Mezzotero yalnız qolu ilə deyil, fiziki gücü, mübarizələrdə fəallığı, texniki bacarığı və oyunu görmək qabiliyyəti ilə də seçilib. Peşəkar səviyyədə cəmi üçüncü oyununu keçirməsinə baxmayaraq, gənc hücumçu özünü təcrübəli futbolçu kimi göstərib.
Azərbaycanda böyüyüb, “Neftçi” və “Qarabağ”da oynayıb
İtaliyanın Montsa şəhərində dünyaya gələn Lorenzo uşaqlıq illərinin böyük hissəsini Azərbaycanda keçirib. Mühəndis olan atasının işi ilə əlaqədar ailəsi müxtəlif ölkələrdə yaşayıb.
Mezzotero futbola 4 yaşında Kanadada başlayıb. Daha sonra Azərbaycana köçərək “Neftçi” və “Qarabağ”ın aşağı yaş qruplarında çıxış edib.
2020-ci ildə İtaliyaya qayıdan futbolçu “Viqor Milano” və “Atalanta”nın akademiyalarında hazırlıq keçib.
2023-cü ildə isə İspaniyaya yollanaraq Barselonadakı “Fundacion Marcet” akademiyasına qoşulub. Bu akademiya AFFA ilə əməkdaşlıq çərçivəsində azərbaycanəsilli gənc istedadlar üçün təlim proqramları həyata keçirib.

2024-cü ildə “Sampdoriya”ya transfer olunan Mezzotero ilk mövsümündə U-17 komandasında 20 oyuna 9 qol vurub. Ötən mövsüm gənclər komandasında 28 görüşdə 11 dəfə fərqlənib.
Cari mövsümə isə 5 oyunda 8 qolla başlayan futbolçu tədricən əsas komandaya cəlb olunub. O, fevralın 27-də ilk peşəkar müqaviləsini imzalayıb.
Baş məşqçi ona güvənir
“Sampdoriya”nın baş məşqçisi Luka D Anjelo Mezzoteronun bundan sonra Tutino və Lauritsenlə birlikdə əsas komandanın hücum xəttində yer alacağını bildirib.
Mütəxəssis kluba gəldiyi zaman gənc futbolçunun potensialından təsirləndiyini və onun əsas komandada oynamaq imkanları barədə Attilio Lombardonun fikrini soruşduğunu açıqlayıb. Lombardo da futbolçu haqqında müsbət rəy verib.
Komanda yoldaşı Henderson isə Mezzoteronun xarakteri barədə maraqlı açıqlama verib: “Ponte di Leqnoda məşq zamanı mənə qarşı çox sərt müdaxilə etdi. Əvvəlcə buna çox əsəbiləşdim. Amma sonra başa düşdüm ki, bu uşağın böyük istəyi var”.

Azərbaycan, yoxsa İtaliya millisi?
İtaliya nəşri Mezzoteronun gələcəkdə milli komanda seçimi qarşısında qala biləcəyini də yazıb.
Həm Azərbaycan, həm də İtaliya pasportuna sahib olan 18 yaşlı futbolçu hazırda Azərbaycanın U-21 millisində çıxış edir. O, daha əvvəl Azərbaycan əsas millisində oynamaq istədiyini də bildirib.
Lakin “Sampdoriya”dakı uğurlu çıxışından sonra İtaliya millisinin baş məşqçisi Roberto Mançininin də ona maraq göstərə biləcəyi ehtimal olunur.
Məqalədə Mançininin Genuya və “Sampdoriya” ilə sıx əlaqələrinin olduğu xatırladılır. Bildirilir ki, gənc futbolçunun İtaliya millisinə dəvət alması istisna deyil.

