II Liqanın mərkəzi qarşılaşması çərşənbə axşamı Sabirabadda keçirildi.
Çempionluq uğrunda mübarizə aparan “Qaradağ-Lökbatan”la “Marafon”un dueli maraqlı və gərgin oyun vəd edirdi ki, stadiona toplaşan 500-ə yaxın azarkeş futboldan sözün əsl mənasında zövq aldı.
Lökbatan qalib gələcəyi halda xal sayını 24-ə çatdırıb lider mövqeyindəki yerini bərkidəcək, “Marafon” udsaydı, birinciliyi liderdən alacaq, nəticədə “Qaradağ-Lökbatan” “Şimal”dan da geriyə düşüb 3-cü pilləyə yuvarlanacaqdı.
Bulaqlı kəndindəki stadiona toplaşanların gərgin və maraqlı oyun şahidlik etdiyini deyə bilərik. Hər iki komandanın çoxsaylı qol imkanları olsa da, qonaqlar 71-ci dəqiqədə rəqib qapısının torunu silkələyib 3 xalı aktivinə yazdı.
“Qaradağ-Lökbatan”ın futboldan doymayan 38 yaşlı kapitanı Sabir Allahquliyev Sportinfo.az-a açıqlamasında qələbə təəssüratlarını bölüşüb:
“Marafon çempionatdakı əsas rəqibimizdir. Fikrimcə, birinci yer uğrunda mübarizə sona qədər onlarla bizim aramızda gedəcək.
Ona görə də şəxsi görüşlərimiz 6 xallıq oyun sayılacaq. Bilirdik ki, “Marafon” öz meydanında və azarkeşlərinin qarşısında inamlı təsir bağışlayır.
Heyətlərində çox sayda təcrübəli futbolçuları var. Buna baxmayaraq, biz də gücümüzə inanırdıq.
Bu cür oyunların taleyini əksər vaxtlarda bir qol həll edir. Kim şansdan istifadə edə bilirsə, sonda o da sevinir. Elə alındı ki, Hüseyn Hüseynlinin baxımlı qolu ilə qələbə qazandıq.
Matça yaxşı başlamamışdıq deyə, ilk hissədə “Marafon”un 3-4 real qol fürsətləri oldu.
Sadəcə, imkanları dəyərləndirə bilmədilər. Hesabı açsaydılar, gedişat bizim üçün çətin olacaqdı.
Onlar qol vura bilmədi, bunu biz bacardıq və sonda sevindik. Deyərdim ki, bu oyun bizə 3 yox, 6 xal qazandırdı.
Hələ başlanğıcdır, heç nə həll olunmayıb. Yuxarı pillələrdəki komandaların arasında uzağı 2-3 xallıq fərq var.
Ona görə də əsl mübarizənin irəlidə olduğunu düşünürəm. Çempionluq iddiamızı sona qədər davam etdirəcəyik.
Təcrübəli futbolçu “Marafon” rəhbərliyinin yaxşı imkanlara və şəraitə sahib stadion ərsəyə gətirdiyini və həmin gün klubun adını daşıyan stadionda futbol adına hər şeyin olduğunu deyərək, qarşılaşmanı izləyən azarkeşlərə təşəkkür etməyi özünə borc bilib.
HƏBİB
