Azərbaycan millisinin istedadlı hücumçusu Renat Dadaşovun “Qrasshopper”dəki ilk günləri kifayət qədər parlaq start götürmüşdü.
İlk 5 matçda 3 qol vuran forvardın aktivində 1 asist də vardı.
O, davamında Azərbaycan millisinin heyətində Slovakiya ilə oyunda da vurduğu möhtəşəm qolla qələbədə (2:1) pay sahibi olmağı bacarmışdı.
Gözləmək olardı ki, belə gedişlə Renat gələcəkədə üzümüzü hələ çox güldürəcək. Hər halda yeni kluba daha yaxşı uyğunlaşa bildikdən sonra daha parlaq çıxış üçün zəmin yarana bilərdi. Amma sonrakı proseslər heç də biz ehtimal edən xətt üzrə getmədi.
Deyəsən, elə Dadaşovun bir atımlıq barıtı varmış.
Belə ki, forvard nə az, nə çox, azalır 3 aydı klubunda “qol orucu”nu poza bilmir.
Sonuncu dəfə avqustun 8-i “Sion”la oyunda fərqlənən forvard arxada qalan müddətdə nəinki qol vurmaq, heç asist etməyi də bacarmayıb.
Əvəzində “Bazel”, “Surix” və “Luzern”lə oyunlarda sarı vəqə alması ilə yadda qalıb. Və buna görə “Sion”la 4:4 bərabərliklə bitən oyunu da buraxmalı olub. Elə kənarda qaldığı tək oyun da bu olub.
23 yaşlı futbolçu bu müddətdə nə zədələnib, nə də cəzalanıb. Kifayət qədər də oynama fürsəti əldə edib.
Hər halda digər 8 oyunda 449 dəqiqə meydanda olması yüksək göstərici sayılmalıdır. Amma bu qədər zaman kəsiyində fərqlənmə bilməmək bir hücumçu adına çox acı mənzərə sayılmalıdır.
Renat bu yay İngiltərə klubu “Vulverhempton” klubundan İsveçrə təmsilçisinə transfer olunub. O, arxada qalan müddətdə yeni klubunda 13 oyunda forma geyinib və 3 qol, 1 asistlə yadda qalıb.
XANOĞLAN / SPORTİNFO.AZ

