“Qarabağ” və “Neftçi” pullu klublardır, bizdə də pullular var"

15 İyul 2020 12:58 Azərbaycan Futbolu 1 085
“Qarabağ” və “Neftçi” pullu klublardır, bizdə də pullular var"

Sportinfo.az xəbər verir ki, pandemiya dövründə çempionatı davam edən ölkələrdən biri də Latviyadır.

Sözügedən çempionatla yaxından maraqlanmağımız əbəs deyil. Çünki soydaşımız Vüqar Əsgərov məhz burda çıxış edir.

Belə ki, Latviyada legioner həyatı yaşayan azərbaycanlı forvard hər zaman uğurlu çıxışı ilə diqqət mərkəzinə düşməyi bacarıb. “Dauqavpils”in son oyunlarında baş məşqçi Aleksandr Qorşkovun etimadını qazanıb.

Komandasının “qol silahı” sayılan, uzun müddətdi Latviyada yaşayan və futbol oynayan 35 yaşlı oyunçunu aradıq. Millinin sabiq forvardı ilə bir neçə mövzu ətrafında söhbətləşdik (Futbol+).

- Latviya çempionatında 4 tur arxada qalıb. Özünü necə hiss edirsən?
- Hər şey qaydasındadı. Əlbəttə, yaşım 35-i keçdiyinə görə əvvəlki kimi fiziki formada qalmaq çətindi, qaçmaq da zəifləyib. Lakin məşqlərdən çox şey asılıdı. Yaşın fərqi yoxdu. Hələ ki futbol oynamağa gücüm var. Ayaqla pul qazana bilirəm (gülür).

- Hər oyunda şans qazansan da, 90 dəqiqə meydanda olmamısan. Bu, məhz dediyin fiziki forma ilə bağlıdı?
- Baş məşqçi hər oyunda şans verir. Bildiyiniz kimi, son 2-3 ayda koronavirusa görə evdə karantində oturmuşduq. Fiziki cəhətdən zəifləmişdim. Amma yavaş-yavaş formamı bərpa edirəm. Belə getsə, meydanda uzun müddət qalacam. Məncə, bu məndə alınmalıdı.

- “Dauqavpils”in bu mövsümdəki hədəfi nədi?
- Yüksək yerlər uğrunda oynayacağıq. Həm də karantinin futbolçulara necə təsir edəcəyi bilinəcək. Əlimdən gələni edəcəm. Üçüncü yer Avroliqaya vəsiqə verir. Çətin olsa da, çalışacağıq. Mövsümün sonunda hər şey bilinəcək. Hər komandada limit olaraq 8 legionerə icazə verilir. Güclü çempionatdı. 6 xal toplamışıq, qarşıda da maraqlı oyunlar olacaq.

- “Tukums”la oyunda komandanız 6:0 hesabıyla qələbə qazandı. Qollardan birini də sən vurdun. Necə düşünürsən, davamı gələcək?
- İstənilən hücumçu qol vurmaq istəyir. Çalışacam ki, bu mövsüm bombardirlər siyahısında adım olsun. Ancaq əsas məsələ komandanın qələbəsi, 3 xal qazanmasıdı.

- Son iki oyunda qalib gəlmisiz. Komandada əhval-ruhiyyə necədi?
- Təsadüfən 6 xal qazanmadıq. Potensialımız var. “Metta/LU” və “Tukums” “dişimizə görə” rəqib idi, udduq. Qarşıdan isə çətin oyunlar gəlir. Liderlə matç var, əhval-ruhiyyə əladı.

- İyulun 4-də “Riqa” ilə səfərdə oynayırsız, hazırlıq necə gedir?
- Bundan sonra qrafik çox sıxdı, həftədə iki matç keçirəcəyik. İyulda xeyli oyuna çıxmalıyıq. Məşqlər də fasiləsiz davam edir. Hazırıq. Hazırda Latviya cempionatında ən çox qol vuran (10 qol) komandayıq. Latviyada müxtəlif klublarda çoxlu qollar vurmuşam. “Dauqavpils”də çox vurmuşam. Bu klubu və şəhəri çox sevdim. 2 il yarımdı burdayam, bura ikinci evimdi.

- Futbolçular və baş məşqçi ilə münasibətin nə yerdədi?
- Hər kəslə münasibətim superdi. Hamı bir-birinə dəstək göstərir. Hələ ki uduruq, zarafatlar olur. Elə ki uduzuruq, bir-birimizin üzünə baxa bilmirik (gülür).

- Rus dilini çox yaxşı bilirsən. Yəqin ki, bu amil də sənə ünsiyyətdə problem yaratmır...
- Rus və latış dilini yaxşı bilirəm. Bu yöndə bəxtim gətirib.

- “Dauqavpils” avrokuboklara vəsiqə qazanmaq üçün mübarizə apara bilər?
- “Sumqayıt” vəsiqə qazana bilir, biz yox?! (gülür) Görək də necə olur. Hər şey öz əlimizdədi.

- Ailən həmin şəhərdədi? Bir problem yoxdu ki?
- Subay olduğuma görə problem yoxdu. Təkəm. İstədiyim vaxt dincəlirəm, istədiyim vaxt məşq edirəm. Yaşadığım yer Liepaya şəhərindədi. Dauqavpilsə maşınla gəlib-gedirəm.

- Azərbaycan cempionatı pandemiyaya görə dayandırıldı. Latviyada virus yoxdu? Bu baxımdan vəziyyət necədi?
- Virus hər yerdə var. Burda da var, sadəcə, Latviyada futbol oynamağa icazə verilib. Hətta sabahdan müəyyən məhdudiyyətlərlə azarkeşlər də oyunlara gələcək. Fikrimcə, Azərbaycanda da cempionat davam etdirilməliydi. Virusun bircə “Sumqayıt”a xeyri oldu. Ara yerdə klub tarixində ilk dəfə avrokuboklara vəsiqə qazandı. “Sumqayıt” gərək “çox sağ ol, koronavirus” desin. Uğurlar arzulayıram.

- Latviyada Azərbaycandan fərqli 10 komandalı cempionatdı. Hansı çempionat daha güclüdü?
- Əlbəttə, Azərbaycan cempionatı daha güclüdü. “Qarabağ” və “Neftçi” pullu klublardı. Bizdə də pullu komandalar var. Burda səviyyəli legionerlər var. 10 komandanın olması marağı artırır. Azərbaycanda ən azı 12 komandanın olması vacibdi. Gəncə, Tovuz, Zaqataladan təmsilçi olmalıdı. Futbol şəhərləridi. Nə qədər futbolçu çıxıb bu bölgələrdən. Azərbaycanlı futbolçular Avropaya getməkdə çətinlik çəkirlər. Bilmirəm, niyə. Bəlkə də Azərbaycanda çox pul verirlər, ona görədi.

- Azərbaycanda kimlərlə tez-tez əlaqə saxlayırsan? Sosial şəbəkədə kimlərlə danışırsan?
- Çox olur. Məsələn, Vurğun Hüseynovla tez-tez danışıram. Bu yaxınlarda Emin Cəfərquliyevin ad günü idi. Təbrik etdim onu.

- Latviyalı futbolçulardan kimlərlə yaxından dostluq edirsən? Azərbaycan yeməklərindən onlara daddırmısan?
- Həm komandadakı futbolçuları, həm də latış dostlarımı bir neçə dəfə burdakı Azərbaycan kafelərinə aparmışam. Azərbaycan mətbəxi ilə tanış etmişəm. Düşbərə, bozbaş, qutab, tikə kabab yeyiblər. Artıq bizim yeməkləri çox sevirlər.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı