Azərbaycanda beləsi olmayıb - Onlar “bir nömrə”dir!

17:45 Azarkeş 156
Azərbaycanda beləsi olmayıb - Onlar “bir nömrə”dir!

Azərbaycan Kubokunun ikinci təsnifat mərhələsində keçirilən “Kəpəz” – “Baku Sportinq” qarşılaşmasını 5 min azarkeşin stadiondan izləməsi xüsusi qeyd olunmalıdır.

Bu, həqiqətən də təqdirəlayiq mənzərədir. Üstəlik, bir daha göstərir ki, hazırda ölkənin ən sadiq və fəal azarkeş ordusu Gəncədədir.

Vaxtilə “Xəzər Lənkəran” azarkeşləri ilə bağlı böyük əfsanələr dolaşırdı. Cənub təmsilçisinin tribunaları dolduran fanatları Azərbaycan futbolunun ən rəngarəng mənzərələrindən birini yaradırdı. Amma gəlin razılaşaq ki, komandanın eniş yaşadığı, iddialarını itirdiyi dövrlərdə Lənkəran stadionun tribunalarında da xeyli boş yerlər tapmaq olardı.

Əzəli rəqib “Neftçi” ilə son oyun buna bariz nümunədir.

Futbol şəhərlərindən sayılan Sumqayıtda da mənzərə fərqli olmayıb.

Komanda avrokuboklara vəsiqə uğrunda mübarizə aparanda belə hər oyunda tribunaların dolduğunu görmürdük. Əsasən “Qarabağ” və “Neftçi” ilə qarşılaşmalar azarkeş marağını artırırdı.

Tovuz futbolun sevildiyi bölgələrimizdəndir. Ancaq orada da Gəncədəki qədər kütləvi azarkeş dəstəyinin olduğunu söyləmək çətindir. “Turan Tovuz”un hazırda kifayət qədər böyük büdcəsi, iddialı hədəfləri var. Buna baxmayaraq, 6500 tamaşaçı tutumuna malik stadion əksər oyunlarda dolmur. Tribunaların tam dolduğunu, əsasən, “Qarabağ”la görüşlərdə görürük.

Bakı klublarından danışırıqsa, “Neftçi”ni də misal çəkə bilərik. Paytaxt təmsilçisi mövsümə yaxşı başlayıb, liderlər qrupunda qərarlaşıb və çempionluq uğrunda mübarizə aparır. Yəni hazırda həm nəticə, həm də iddia baxımından azarkeşləri stadiona cəlb etmək üçün kifayət qədər səbəb var. Ancaq “Neftçi”nin də hər oyununda tribunalar Gəncədəki kimi dolmur.

Gəncədəki mənzərə isə tamam başqadır. “Kəpəz”in nə böyük büdcəsi var, nə də hazırda yüksək hədəflər uğrunda mübarizə aparır. Əksinə, komanda Premyer Liqada yerini qorumaq üçün mübarizə aparır. Buna baxmayaraq, azarkeşlər onu tək qoymur. Beş min insanın Azərbaycan Kubokunun ikinci təsnifat mərhələsinin oyununa gəlməsi bunun növbəti sübutudur.

Rəqib isə aşağı liqanın lideri yox, turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan komanda idi.

Belə qarşılaşmada da Gəncə azarkeşləri tribunada yerini boş qoymadı.

Bu məqam Gəncə azarkeşlərini fərqləndirir. Onlar yalnız qələbəyə, avrokuboklara, çempionluğa görə stadiona gəlmirlər. Komandanın hansı vəziyyətdə olmasından asılı olmayaraq, onun yanındadırlar.

Bu gün Azərbaycan futbolunda azarkeş sədaqətindən danışırıqsa, Gəncəni və “Kəpəz” fanatlarını xüsusi qeyd etməliyik. Hazırkı mənzərəyə əsasən, ölkənin bir nömrəli azarkeş ordusu məhz Gəncədədir.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti