Azərbaycan klublarının kölgəsində qalan "Qarabağ" - Kim(lər)di günahkar?

1 İyul 22:20 Azarkeş 320
Azərbaycan klublarının kölgəsində qalan "Qarabağ" - Kim(lər)di günahkar?

Azərbaycan Premyer Liqasının 2024/25 mövsümünün oyunlarını 275 min 933 tamaşaçı izləyib.

Keçirilən 180 matçda orta tamaşaçı sayı 1533-ə bərabər olub.

Ev oyunlarındakı izləyici sayında “Turan Tovuz” hamını qabaqlayıb. Qərb təmsilçisi mövsüm ərzində 78500, orta hesabla hər oyunda 4361 seyrçi toplayıb.

“Turan Tovuz” ikinci yerdən təxminən 2 dəfə öndədir. Tamaşaçı sayında “Neftçi” ikinci, “Sumqayıt” üçüncü pillədə qərarlaşıb.

"Turan"ın sıralamada lider olması anlaşılandır. Bölgə klubunun ev oyunlarında böyük azarkeş ordusuna alışmışıq. Nəzərə alaq ki, kollektivin bu sezon iddiaları da böyük idi.

Siyahıda məni yaxşı mənada təəccübləndirən ad 2-cı sırada yer alan "Neftçi" oldu.

"Ağ qaralar" tarixinin ən uğursuz dönəmlərini yaşadığı halda belə tərəfdarları onu tam atmayıb.

Ev oyunlarını kifayət qədər azarkeş izləyib.

Yaşanan uğursuzluq, ardıcıl məğlubiyyətlər fanatların sevgisini azaltmayıb.

Pis gündə klubun yanında olmağı bacarıblar.

Düşünün, "Neftçi" köhnə əzəmətini qaytarsa nələr yaşanar?

Ən azı bundan 2-3 dəfə artıq sayda tamaşaçı tribunada yerini almış olar.

Azərbaycan futbolu canlanar.

Təəssüf ki, "Qarabağ"la bağlı vəziyyət ürəkaçan deyil.

Avropada illərdi tarix yazan komanda sanki daxili yarışlarda heç kimə lazım deyil.

"Köhlən atlar" əzəli rəqibdən geri qalır, "Turan"la arada ciddi fərq var.

Uğursuz mövsüm keçirən "Sumqayıt" belə "Qarabağ"ı qabaqlayır.

Təsəvvür edin rəqiblərini Tovuzda qəbul edən "Kəpəz"in ev oyununa ortalama 1033, "Qarabağ"a isə 1729 nəfər gəlir.

Görəsən, "Qarabağ" daha nə etməlidir ki, azarkeşləri onun oyunlarını tribunadan izləsin?

Cavabı çox maraqlıdır...

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti